Azərbaycan iqtisadiyyatının 10 faizi burada formalaşacaq - Millət vəkili

Azərbaycan iqtisadiyyatının 10 faizi burada formalaşacaq - Millət vəkili
Kateqoriya məlum deyil
T

Prezident İlham Əliyev bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı geoloji araşdırmalar yaxın aylarda mühüm nəticələr verə bilər. Dövlət başçısı qeyd edib ki, bölgələrdə qızıl, gümüş, mis və digər polimetal yataqlarının aşkarlanması və istismarı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək. Yeni təbii resursların istismarı həm ölkə iqtisadiyyatına əlavə gəlir mənbəyi yaradacaq, həm də regionlarda yeni iş yerlərinin açılmasına şərait yaradacaq.

 

Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov söylədi ki, adıçəkilən bölgələr təbii resurslarla zəngindir. 


Onun sözlərinə görə, həmin bölgələrdə təbii resursların istifadə olunması birmənalı şəkildə Azərbaycan iqtisadiyyatında artım tempinin dəstəklənməsinə imkan verəcək:


“Nəzərə alsaq ki, yeni qurulan, bərpa edilən Qarabağ və Şərqi Zəngəzur yalnız kənd təsərrüfatı deyil, eyni zamanda sənaye və xidmət sektoru ilə fərqlənəcək. Xüsusilə də, sənayedə böyük üstünlükləri var”.

 


Ekspertin dediyinə görə, ilkin qiymətləndirmələr göstərir ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycan iqtisadiyyatının 10%-ni formalaşdırmaq potensialına malikdir:


“Yəni, bu o deməkdir ki, biz yaxın illərdə işğaldan azad olmuş ərazilərimizdə 12 milyard manatlıq yeni dəyərin yaradılmasını müşahidə edəcəyik. Bu bir tərəfdən Azərbaycan iqtisadiyyatı üçün töhfədir, digər tərəfdən isə qeyri-neft sektorunun inkişafını stimullaşdıracaq. Çünki işğaldan azad olunmuş ərazilərimizdə istehsal edilən məhsulların əhəmiyyətli hissəsi həm də ixrac olunacaq. Xüsusən də, Qarabağ və Şərqi Zəngəzurda istehsal edilən məhsulların, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra, ixrac imkanları var. Bu da sırf həmin bölgələr üçün yox, ümumi Azərbaycan iqtisadiyyatı üçün yeni imkanlar deməkdir”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR