Dollarla olan borcumuz yüksəkdir - Risk var?

Xəbər verdiyimiz kimi, oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 893,1 milyon ABŞ dolları təşkil edib və bu borcun 85,3 faizi məhz ABŞ dolları ilə hesablanıb.
Xarici borcun böyük hissəsinin dollarla ifadə olunması ölkənin valyuta məzənnəsi dəyişikliklərinə və qlobal maliyyə bazarındakı dalğalanmalara qarşı həssaslığını artırır. Bu vəziyyət həm büdcə xərclərinə, həm də milli iqtisadi sabitliyə müəyyən risklər yarada bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, əgər manat dollar qarşısında ucuzlaşsa, dollarla olan borcun manat ifadəsində yükü avtomatik artacaq.
Onun sözlərinə görə, manatın 10% dəyərsizləşməsi dollarla borcun da manatla ifadədə 10% artması deməkdir. Bu isə dövlət büdcəsində borc xidmətinə,faiz və əsas borc ödənişlərinə ayrılan xərcləri artırır:
“Belə vəziyyətdə hökumət borc ödənişlərini yerinə yetirmək üçün ya valyuta ehtiyatlarından istifadə etməli, ya da yeni borc götürməli olur. Dollarla borclar, eyni zamanda, ABŞ Federal Ehtiyat Sisteminin (FED) pul siyasəti ilə sıx bağlıdır. FED faizləri artırdıqda, dollarla borc da bahalaşır ki, bu da Azərbaycanın yeni borc cəlb etməsini çətinləşdirir və mövcud borcun servis xərclərini yüksəldir. Azərbaycanın ixrac gəlirlərinin əksəriyyəti neft-qazdan və dollarda olduğundan, borcun dollarla formalaşması qısa müddətdə bu gəlirlərlə uyğunluq yaradır. Lakin büdcə xərcləri manatla aparıldığı üçün valyuta gəlirlərində azalma baş verərsə, büdcə kəsiri artaraq maliyyə sabitliyinə təzyiq göstərə bilər”.
Ekspert vurğulayıb ki, borcun 85%-dən çoxunun bir valyutada, dollarda cəmlənməsi valyuta riskini artırır:
“Optimal variant borcun müxtəlif valyutalara bölüşdürülməsi və sabit faizli alətlərin payının artırılmasıdır. Bununla yanaşı, dövlətin valyuta ehtiyatlarının artırılması və daxili bazar alətlərinin inkişafı borc idarəçiliyində stabilliyi gücləndirə bilər”.
A.Nəsirli qeyd etdi ki, Azərbaycanın xarici dövlət borcunun dollarla böyük ölçüdə formalaşması qısa müddətdə ixrac gəlirləri ilə uyğunluq yaratsa da, uzunmüddətli perspektivdə manatın sabitliyinə, büdcə tarazlığına və borc idarəçiliyinə ciddi təzyiq yarada bilər.
Bu səbəbdən borcun valyuta strukturunun diversifikasiyası və daxili bazarda manatla istiqrazların artırılması vacibdir.
Niyaz Hacıyev
Sfera.az






