Bank Respublikada əmanətlər azalır - Əhali 34 milyon manatı götürüb

2025-ci ilin sentyabrın 1-nə olan məlumata əsasən, Bank Respublikada olan fiziki şəxslərə məxsus əmanətlərin həcmində 34 milyon manata yaxın azalma qeydə alınıb.
Sfera.az bankın rüblük məlumatlarına istinadən xəbər verir ki, 2024-cü ilin sonunda bankda əmanətlərin həcmi 636,2 milyon manat olduğu halda bu ilin sentyabrın 1-də 602,5 milyon manata düşüb.
Son 9 ayda bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri də kəskin artıb. Doqquz ay əvvəl kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 523,5 milyon manat idi. Amma 2025-ci ilin sentyabrın 1-də öhdəliklər 864 milyon manatı ötüb. Bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 340,5 milyon manatdan çox artıb.
Bank Respublikada vaxtı keçmiş kreditlərin də həcmində ciddi artım qeydə alınıb. Bu ilin 9 ayında vaxtında ödənilməyən kreditlərin həcmi 99 faizə yaxın artaraq 19,7 milyon manata çatıb.
Fidan Hacızadə
Sfera.az






