Neft daha da bahalaşacaq? - AÇIQLAMA

Neft daha da bahalaşacaq? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Azərbaycan neftinin qiyməti son sutka ərzində nəzərəçarpacaq dərəcədə artıb. “Azeri Light” markalı neftin bir bareli 5 dollar yüksələrək son günlərin ən yüksək səviyyəsinə çatıb.

 

Bəs artımın səbəbləri nədir?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirdi ki, qiymət artımının bir neçə səbəbi var. 


Onun sözlərinə görə, əsas amillərdən biri ABŞ və Çin münasibətlərindəki son dəyişikliklərlə bağlıdır:

 

“Əvvəlcə deyilirdi ki, gələn həftə ABŞ və Çin prezindentləri görüş keçirəcək, sonra isə məlumat yayıldı ki, görüş baş tutmayacaq və iki ölkə arasında münasibətlər gərginləşəcək. Lakin bu həftə yenidən görüşün keçiriləcəyi açıqlandı, yəni vəziyyət əvvəl düşündüyümüz qədər ciddi deyil. Bu məsələ əsasən ticari danışıqlarla bağlıdır.
Hazırda müşahidə etdiyimiz proseslər ABŞ ilə digər ölkələr arasında davam edən ticarət müharibəsinin nəticəsidir. Bu müharibə qlobal bazarlara, xüsusən də neft qiymətlərinə birbaşa təsir göstərir. Neftin qiymətindəki dəyişikliklər adətən birdən-birə deyil, uzunmüddətli tendensiyalar nəticəsində formalaşır”.

 

 

İqtisadçı xatırlatdı ki, ilin əvvəlindən etibarən neftin qiyməti 75–80 dollar səviyyəsindən tədricən enərək 60–65 dollar intervalına qədər düşüb:


“Burada əsas diqqət yetirilməli məqam bir-iki günlük dalğalanmalar deyil, ümumi istiqamətdir. Bəzən bir gün 2 dollar azalır, ertəsi gün 2 dollar yüksəlir, lakin bu, bazarın əsas meylini dəyişmir. Qiymətlərin enməsinə səbəb olan əsas amillər arasında ticarət müharibələri, beynəlxalq siyasi gərginliklər, OPEC+ ölkələrinin hasilatla bağlı qərarları və OPEC-ə daxil olmayan ölkələrin hasilatı artırması barədə gözləntilər dayanır. Hazırda neftə tələbat artsa da, hasilat daha sürətlə yüksəlir, bu da qiymətlərin azalmasına gətirib çıxarır. 2025-ci ildə neftin orta qiyməti 55–65 dollar səviyyəsində formalaşacaq. Bu isə əvvəlki proqnozlarla müqayisədə təxminən 10–15 dollar az deməkdir”.

 

X. Kərimli əlavə edib ki, bu azalma Azərbaycan üçün ciddi nəticələr yarada bilər:


“Maliyyə Nazirliyinin hesablamalarına əsasən, neftin orta qiymətinin 10 dollar azalması ölkə iqtisadiyyatına təxminən 2,1 milyard manatlıq zərər vurur. Bunun 300 milyon manatı birbaşa dövlət büdcəsinə, 1.8 milyard manatı isə Neft Fondunun gəlirlərinə təsir göstərir. Hazırda müşahidə olunan 5 dollarlıq bahalaşmanı davamlı artım kimi dəyərləndirmək düzgün olmaz. Bu, qısamüddətli dəyişiklikdir və hələlik sabit yüksəliş trendindən danışmaq mümkün deyil. Ümumilikdə, 2025-ci ildə neft bazarında qiymətlərin ötən illə müqayisədə daha aşağı səviyyədə qalacağı proqnozlaşdırılır”.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR