Neftimiz ucuzlaşır - Gəlirlərə təsir edəcək?
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artıb. Hazırda bir barelin qiyməti 62,4 ABŞ dolları təşkil edir ki, bu da əvvəlki göstəricidən 0,57 dollar və ya 0,92 % çoxdur.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Belə olduqda sual yaranır: Bu vəziyyət ölkənin gəlirlərinə necə təsir göstərə bilər və qiymətlərin bu səviyyədə qalma müddəti nə qədər ola bilər?
İqtisadçı-ekspert Günay Hüseynova Sfera.az-a açıqlamasında bildirib ki, qlobal iqtisadiyyatda geosiyasi dəyişikliklər olur və bu geosiyasi dəyişikliklər əsasən də, enerji sektoruna, neft-qaz sektoruna təsirsiz ötüşmür:

“Rusiya-Ukrayna müharibəsi, ABŞ-nin Çin iqtisadiyyatına tətbiq etdiyi sanksiyalar, Avropanın enerji təchizatı ilə əlaqədar olaraq Rusiyadan tamamilə ticari tərəfdaşlıqdan imtina qərarı, bu kimi şeylər, təsir göstərən amillər arasındadır. Biz tamamilə deyə bilmərik ki, qiymət 70 dollara qalxacaq və o civarda olacaq. Hər an eniş də ola bilər, qalxım da ola bilər. Düşünürəm ki, müəyyən müddətdən sonra, hətta il sonuna doğru enerji sektorunda qiymətlərdə artım gözlənilir”.
Müsahibimiz vəziyyətin ölkənin gəlirlərinə təsiri məsələsinə də toxunub:
“Ölkənin gəlirlərinə təsiri barədə deyim ki, biz onu indidən deyə bilmərik ki, gəlirlər artacaq. Neft gözlənilən həddən aşağı qiymətə olsa belə, biz bunu qısa müddət üçün nəzərdə tuta bilərik. Uzun müddət üçün isə, təbii ki, bunu demək məqsədə uyğun olmazdı. Çünki qlobal iqtisadiyyatda dəyişikliklər baş verir. Yəni, müqavilələr imzalanır, sözləşmələr olur. Neftin qiymətinin 70 dollara qalxması, o demək deyil ki, hər zaman belə olacaq və dövlət büdcəsinin gəlirlərinə öz təsirini göstərəcək. Bundan əlavə, bir məsələni də qeyd etmək istərdim ki, gəlirlərdən əlavə biz xərclərə də baxmalıyıq. Ölkədə qeyri-neft sektorundan gələn gəlirlərə də baxmaq lazımdır. Çünki məlumdur ki, qeyri-neft sektorunun inkişafı ölkəmiz üçün prioritet məsələdir. Qeyri-neft sektorunun özü də, neft sektorundan gələn gəlirlər hesabına formalaşır. Vətəndaşların iqtisadi-sosial rifahıda bura daxildir. Təbii ki, neft gəlirlərinin uzunmüddətli yüksəlməsi, dövlət büdcəsinin gəlirliyinə təsir göstərir. Qeyd etdiyim sahələrin inkişafına da öz müsbət töhfəsini verəcək. Lakin biz bunu uzunmüddətli əldə edə biləcəyiksə, bu mümkündür. Qısamüddətli proqnoz versək, qiymətlərin aşağı düşmə ehtimalı yoxdur”.
G.Hüseynova son olaraq qeyd etdi ki, regionda geosiyasi balansın pozulması olarsa, qiymətlər geriləyib 54-55 dollar səviyyəsində ola bilər.
Niyaz Hacıyev
Sfera.az






