İKT məhsullarına tələb artır - Amma istehsal yoxdur - SƏBƏB

İKT məhsullarına tələb artır - Amma istehsal yoxdur - SƏBƏB
Kateqoriya məlum deyil
T

Azərbaycan əhalisi hər il mobil telefon, planşet, kompüter və digər bu kimi elektron kommunikasiya vasitələrinə bir milyard manatdan çox vəsait xərcləyir. Bu sektorun böyük bazarının olduğu görünür. 


Adıçəkilən məhsullara olan tələb yalnız idxal hesabına ödənilir. 


Bəs həmin vasitələrin istehsalının ölkəmizdə təşkili çətindirmi? Bunun üçün nə etmək lazımdır?

 

Sfera.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirdi ki, ölkəmizin emal sənayesi belə məhsulları istehsal etmək imkanına sahib deyil.

 

Onun sözlərinə görə, Azərbaycanda hələ də böyük istehlak bazarı olan bir çox məhsulu istehsal etmək mümkün olmayıb:

 

"Hələ də ən sadə məhsulları istehsal etməkdə çətinlik çəkirik, o ki qaldı planşet və ya kompüter kimi texnoloji cihazları. Belə məhsulların istehsalı bizdə hələ mümkün deyil. Dünyada bu sahədə əsas söz sahibi olan ölkələr Çin, Yaponiya və ABŞ-dir. Biz isə elementar məhsulların istehsalını belə reallaşdıra bilmirik. Bunun səbəbi bacarıqsızlıq deyil, sadəcə olaraq, tarixən texnoloji istehsal ənənəmizin formalaşmamasıdır.

SSRİ dövründən bəri ölkəmizdə əsasən hasilat sənayesi xüsusilə neft və qaz sahəsi, eləcə də kənd təsərrüfatı inkişaf edib. Bizim bilik və təcrübəmiz daha çox bu istiqamətlərdə toplanıb. Bundan başqa, coğrafi yerləşməmiz də sənaye baxımından əlverişli sayılmır. Çünki istehsal olunan məhsulları xarici bazarlara çıxarmaq çətindir”.

 

 

İqtisadçı Azərbaycanda istənilən məhsulu istehsal etməyin mümkün olduğunu deyib.  Onun sözlərinə görə, əsas məsələ istehsal edilən məhsulun həm keyfiyyətli, həm də münasib qiymətli olmasıdır: 


“Təəssüf ki, bu balansı qorumaq hazırda bizim imkanlarımızdan kənardadır. Sənaye, elm və texnologiya ilə bağlı sahələrin inkişafı vacibdir. Məsələn, bir zamanlar velosiped istehsalına cəhd edildi, lakin bu layihə bağlandı, çünki məhsulun maya dəyəri yüksək idi və istehsal səmərəsiz sayıldı.
Əgər hər hansı bir məhsulun istehsalına qərar veriləcəksə, bu qərarı siyasətçilər yox, sahibkarlar və iqtisadi sahənin mütəxəssisləri verməlidir”.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR