Dövlət banklara milyardlar yatırır - Məqsəd nədir?

2025-ci ilin aprel ayından etibarən Maliyyə Nazirliyi dövlət vəsaitlərinin idarə olunmasında yeni mexanizm tətbiq edib. Nazirlik vahid xəzinə hesabında yaranan sərbəst vəsaitləri depozit hərracları vasitəsilə kommersiya banklarında yerləşdirməyə başlayıb. Rəsmi məlumata görə, apreldən oktyabra qədər keçirilən 22 depozit hərracı nəticəsində yerli banklarda ümumilikdə 10,4 milyard manat məbləğində vəsait yerləşdirilib və bu əməliyyatlardan 76,9 milyon manat faiz gəliri hesablanıb. Həmin faiz gəlirinin vaxtı çatmış 66,6 milyon manatı dövlət büdcəsinə ödənilib.
Maraqlıdır, bu cür depozit yerləşdirmələrinin məqsədi yalnız gəlir əldə etməkdirmi, yoxsa prosesin arxasında başqa iqtisadi hədəflər də dayanır?
İqtisadçı ekspert Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, Maliyyə Nazirliyinin 2025-ci ilin aprel-oktyabr aylarında həyata keçirdiyi depozit hərracları yalnız gəlir əldə etmək məqsədi daşımır:
“Nazirlik tərəfindən vahid xəzinə hesabında sərbəst qalan vəsaitin banklarda depozitə yerləşdirilməsi ilk növbədə, dövlət xərclərinin maliyyələşdirilməsində əlavə gəlir təmin etmək baxımından vacibdir”.

Ekspert vurğuladı ki, nağd pulun yalnız xəzinədə qalması əvəzinə banklarda yerləşdirilməsi dövlət vəsaitlərinin idarəedilməsini səmərəli edir və həm dövlət büdcəsinin, həm də kommersiya banklarının likvidliyini artırır:
“Bu, maliyyə sistemində balansın qorunmasına və bankların kreditvermə imkanlarının genişlənməsinə dəstək verir ki, nəticədə iqtisadi aktivlik yüksələ, kiçik və orta biznesin maliyyələşdirilməsi stimullaşa bilər”.
Müsahibimiz depozit hərraclarının dövlətin maliyyə risklərinin idarə olunmasına xidmət etdiyini də dedi:
“Pulun yalnız xəzinədə qalması inflyasiya və bazar risklərinə məruz qala bilər, lakin depozit hərracları vasitəsilə yerləşdirilmə riski diversifikasiya edir və əlavə faiz gəliri ilə qorunma təmin edir. Beləliklə, bu siyasətin əsas məqsədi yalnız əlavə gəlir əldə etmək deyil, həm də dövlətin nağd pul resurslarını səmərəli idarə etmək, bank sektoruna dəstək vermək və maliyyə risklərini azaltmaqdır”.
Niyaz Hacıyev
Sfera.az






