Ramiz Mehdiyevin biznes imperiyası: O, nələrə sahib olub?

Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyev uzun illər Azərbaycan siyasi sistemində ən nüfuzlu fiqurlardan biri olub. Onun adı illərlə həm hakimiyyətin ideoloji yönəldilməsi, həm də media üzərində nəzarət mexanizmləri ilə assosiasiya olunub.
Son illərdə yayılan məlumatlar göstərir ki, sabiq PA rəhbərinin ailəsi təkcə siyasi deyil, həm də iqtisadi gücə sahib olub — torpaqdan banklara, mediadan tikinti sektoruna qədər uzanan nəhəng bir “ailə imperiyası” formalaşdırıb.
Sfera.az xəbər verir ki, aparılan müxtəlif jurnalist və ekspert araşdırmalarına əsasən, R.Mehdiyevin ailəsi Azərbaycanda onlarla hektar torpaq sahəsinə malikdir.
Mehdiyevin həyat yoldaşı Qalina Yuryevna adına Novxanıda böyük üzüm bağları qeydiyyata alınıb. Mehdiyevin qızı Kamilə Əliyeva və oğlu Teymur Mehdiyev də geniş kənd təsərrüfatı torpaqlarına sahibdirlər.
2016-cı ildə Mehdiyevlərə məxsus torpaqların ümumi sahəsi 136 hektar olduğu halda, 2017-ci ildə bu rəqəm 216 hektarı keçib. Təkcə Novxanıda ailəyə məxsus torpaq 100 hektardan 155 hektara qədər artıb. Goranboyun Xınalı kəndindəki bağ sahəsi isə iki dəfə böyüyərək 50 hektara çatıb.
Bundan əlavə, Maştağa qəsəbəsindəki keçmiş Subtropik Bitkilər Sovxozunun ərazisində Qalina Mehdiyeva və Kamilə Əliyevaya məxsus torpaq sahələri də mövcuddur ananın mülkiyyətində 892 sot, qızının isə 240 sot torpaq var.
R.Mehdiyev uzun illər dövlətin ideoloji istiqamətinə rəhbərlik etdiyi üçün onun media üzərindəki təsiri ayrıca bir mövzu kimi qiymətləndirilir.
Mehdiyevin gəlini Nigar Mehdiyeva həmçinin 2008-ci ildə yaradılan “Digital Media” MMC-nin təsisçilərindəndir. Şirkət “Medya FM” radiosuna sahibdir. Bununla yanaşı, Kamilə Əliyevanın adına qeydiyyatda olan “Caspian Telekom” MMC (“Ailə TV” və “Ailə NET” brendləri ilə) ölkədə televiziya və internet xidmətləri göstərir.
R.Mehdiyevin ailəsinin iqtisadi dairəsi təkcə media ilə məhdudlaşmır. Paytaxtın müxtəlif ərazilərində onlara bağlı MTK və MMC-lər fəaliyyət göstərir.
Dilarə Əliyeva küçəsində yerləşən “Topaz” və “Qala-R.L” MTK-lar, “NLT” və “Premium Store” MMC-lər ailənin nəzarətindədir. Bundan əlavə, “Servis” MTK, “Grand Palace” MTK, “Astoriya” MTK və “Astoriya Tibb Mərkəzi” MMC (indiki “German Hospital”) də eyni şəbəkənin tərkib hissəsidir.
Bakının mərkəzində yerləşən “Qrandezza” Ticarət Mərkəzi isə Mehdiyevlər ailəsinin ən prestijli layihələrindən sayılır. Dörd mərtəbəli bu obyektin ümumi sahəsi 5 min kvadratmetrdən çoxdur.
R.Mehdiyevin gəlini Nigar Mehdiyeva, “Bank BTB” ASC-nin 75 faiz səhminə sahibdir. Bu, bankın nizamnamə kapitalının təxminən 38 milyon manatına bərabərdir. “BTB” eyni zamanda “BTB Leasing” və “BTB Kapital İnvestisiya Şirkəti” ASC-lərin də təsisçisidir.
Beləliklə, Mehdiyevlər ailəsinin iqtisadi təsir dairəsi bank, media, tikinti və torpaq sektorlarını eyni anda əhatə edir.
Araşdırmalara əsasən, “Şərq-Qərb” nəşriyyatı da özəlləşdirildikdən sonra Mehdiyevin ailəsinin nəzarətinə keçib. Əhmədli qəsəbəsində yerləşən bu nəşriyyatın ərazisində dördbloklu, 16 mərtəbəli yaşayış binası tikilib.
Tikinti zamanı normativ pozuntulara yol verildiyi üçün binaların istismarına yalnız ötən ilin sentyabrında icazə verilib. Nəşriyyatla eyni strukturda fəaliyyət göstərən “Şərq-Qərb Nəşriyyat Evi” MMC və “Qlobal East West” MMC də ailənin təsir dairəsindədir.
Mediada gedən məlumatlara görə, R.Mehdiyevin ailəsi uzun müddət “Sədərək” və “Binə” ticarət mərkəzlərində də paya malik olub.
Bununla belə, sabiq PA rəhbərinin illərlə qurduğu sistemin izləri hələ də dövlətin bəzi sahələrində hiss olunur.
R.Mehdiyevin adı ətrafında formalaşan bu geniş iqtisadi şəbəkə, illərlə dövlət resurslarının şəxsi maraqlara yönəldilməsinin tipik nümunəsi kimi dəyərləndirilə bilər. Vəzifədən uzaqlaşdırıldıqdan sonra bir-bir ifşa olunan ailə şirkətləri, torpaq və bank mülkiyyətləri Mehdiyevin yalnız siyasi deyil, həm də iqtisadi güc mərkəzi qurduğunu göstərir.
Bəsti






