Bu layihə Azərbaycanın aqroturizm potensialını dünyaya tanıdır - Fuad Nağıyev

Bu layihə Azərbaycanın aqroturizm potensialını dünyaya tanıdır - Fuad Nağıyev
Kateqoriya məlum deyil
T

Bu gün Şəkidə keçirilən “Slow Food” beynəlxalq tədbirində Avstriya, Qırğızıstan və Türkiyədən olan “Slow Food” mütəxəssisləri, eləcə də beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər. 


Sfera.az xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi ölkənin regional mərkəzə çevrilməsinin göstəricisidir.


Nağıyev çıxışında “Slow Food Azərbaycan” layihəsinin əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu təşəbbüs ölkə üçün strateji iki sahəni, turizm və kənd təsərrüfatını birləşdirir:


“Layihə regionlarda aqroturizmin inkişafına töhfə kimi çıxış edir. Azərbaycan bu gün turizm baxımından cəlbedici destinasiyalardan birinə çevrilir. Bu, Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və dəstəyi sayəsində mümkündür”.


Fuad Nağıyev bildirib ki, “Slow Food” hərəkatı dünyada 160-dan çox ölkədə fəaliyyət göstərir və hər bir insanın dadlı, təmiz və dürüst qidaya çıxışını təmin etməyi hədəfləyir.


“Layihə yalnız yeni dadlar demək deyil, həm də yerli adət-ənənələrin, milli mədəniyyətin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından böyük önəm daşıyır”, – deyə Nağıyev vurğulayıb.


Sədr əlavə edib ki, festival 50-dən çox fermer və istehsalçının səyi nəticəsində təşkil olunub. O qeyd edib ki, “Slow Food” beynəlxalq təşkilatı ilə əməkdaşlıq milli qastronomiyanın və dayanıqlı turizmin inkişafında yeni mərhələ açır, yerli məhsulların qorunmasına və kənd bölgələrinin balanslı inkişafına xidmət edir.


“Azərbaycan artıq ‘Slow Food’ beynəlxalq təşkilatının ən nüfuzlu tədbirlərindən biri olan Terra Madre Salone del Gusto festivalında mütəmadi iştirak edir. Bu, ölkəmizin zəngin qastronomiya irsinin dünyaya tanıdılmasına imkan yaradır”, – deyə Nağıyev bildirib.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR