Mənzillərin bahalaşmasının bir səbəbi də budur - Razi Nurullayev

"Hazırda İmişlidə 2-3 karxanadan başqa digər onlarla karxana sahələri qapadılıb və bu da iş yerlərinin kütləvi azalmasına gətirib çıxarıb".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.
Deputat qeyd edib ki, qum-çınqılın çıxarılması ilə bağlı yeni qaydalar müəyyənləşdirilib:

"Bildiyiniz kimi Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il traxili Sərəncamına əsasən, qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə tapşırılıb. Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarının tez bir zamanda açılması bağlanmış iş yerlərinin bərpasına gətirib çıxarar və bahalaşmanın qarşısını alardı".
Onun sözlərinə görə, mənzil tikintisində, digər tikinti sahələrində qum-çınqıl geniş istifadə olunur:
"Məhz mənzil və tikinti sahəsində bahalaşmanın bir səbəbi də qum-çınqıla olan təlabatın kəskin artması və yerli sahibkarların bu ehtiyacı təmin edə bilməməsidir. Vacibdir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə bağlı qaydaları tezləşdirsin və icazələr verilməyə başlasın".
Firuzə Əliyeva
Sfera.az






