Avropada ən çox milyarder bu ölkədədir

Avropada ən çox milyarder bu ölkədədir
Kateqoriya məlum deyil
T

Avropa qitəsində ən çox milyarderin olduğu ölkənin adı açıqlanıb.

 

Sfera.az bu barədə “Forbes”ə istinadla bildirir.

 

“Forbes”in 2025-ci il məlumatlarına görə, dünya üzrə ümumi sərvəti 16,1 trilyon dollar (13,7 trilyon avro) olan 3000-dən çox milyarder mövcuddur. Lakin bu sərvət bərabər bölünməyib, bütün milyarderlərin yarıdan çoxu cəmi üç ölkədə – ABŞ, Çin və Hindistanda yaşayır.

 

Avropada milyarderlərin sayına görə Almaniya liderdir. Ölkədə 171 milyarder yaşayır və onların ümumi sərvəti 676,4 milyard avro təşkil edir. Almaniyanın ən zəngin iş adamı, “Lidl” və “Kaufland” kimi pərakəndə satış şəbəkələrinin sahibi Diter Şvarçdır. Onun sərvəti 35 milyard avro (41 milyard dollar) qiymətləndirilir və bu göstərici ilə o, dünya reytinqində 37-ci yeri tutur.

 

İtaliya 74 milyarder və 289 milyard avro (339 milyard dollar) ümumi sərvətlə Avropada ikinci pillədə qərarlaşıb. Ölkənin ən zəngin şəxsi “Ferrero” şirkətinin rəhbəri Covanni Ferrerodur. Onun sərvəti 32,6 milyard avrodur.

 

Üçüncü yerdə Böyük Britaniya qərarlaşıb, burada 55 milyarderin ümumi sərvəti 203 milyard avro (238 milyard dollar) təşkil edir. Britaniyanın ən varlı iş adamı Maykl Platt 14 milyard funt-sterlinqlə (16 milyard avro) reytinqə başçılıq edir.

 

Fransa 52 milyarderlə Avropada dördüncü sıradadır. Ölkənin ən zəngin şəxsi Bernard Arnault  “Louis Vuitton”, “Dior”, “Sephora” və digər brendləri birləşdirən LVMH konserninin rəhbəridir. Onun sərvəti 152 milyard avro (178 milyard dollar) dəyərləndirilir və Arnault planetin beşinci ən zəngin insanı sayılır.

 

Almaniya, İtaliya, Böyük Britaniya və Fransa – hər birində 50-dən çox milyarder olan yeganə Avropa ölkələridir. Onları İsveç (45) və İsveçrə (42) izləyir.

 

İspaniyada 34 milyarder var. Onların ən varlısı “Zara” brendinin yaradıcısı Amansio Orteqadır. Onun sərvəti 106 milyard avro təşkil edir və bu göstərici ilə o, dünyada 9-cu yerdə qərarlaşıb.


Türkiyədə isə 32 milyarder var.


Norveçdə 17, Yunanıstanda 16, Hollandiyada 13 milyarder yaşayır.


Şərqi Avropa ölkələrində milyarderlərin sayı xeyli azdır. İrlandiya, Belçika və Çexiyada hər birində 11 milyarder var. Polşa və Kiprdə bu rəqəm 10-dur. Finlandiyada 7, Rumıniyada 6, Macarıstanda 4, Slovakiya və Bolqarıstanda isə 2 milyarder yaşayır. Portuqaliya, Lüksemburq, Xorvatiya, İslandiya və Albaniyada milyarderlərin sayı bir nəfərlə məhdudlaşır.


Ekspertlərə görə, ölkələrin iqtisadi ölçüsü və maliyyə mərkəzlərinin mövcudluğu milyarderlərin cəmləşməsində əsas rol oynayır. Almaniya, Böyük Britaniya, Fransa və İtaliya həm də Avropanın ən böyük iqtisadiyyatlarıdır.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR