Qızıl bahalaşır: Bazara keyfiyyətsiz məhsullar çıxacaq?

Qızıl bahalaşır: Bazara keyfiyyətsiz məhsullar çıxacaq?
Kateqoriya məlum deyil
T

Dünyanın əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçers qiymətləri tarixi maksimumunu yeniləyib. Dekabr fyuçersləri 0,92% artaraq 4 041,22 ABŞ dolları səviyyəsinə yüksəlib. Qızılın qiymətinin sürətlə artması həm zinət əşyalarının, həm də digər qızıl məhsullarının dəyərini yüksəldir. Bu vəziyyət isə bəzi ölkələrdə, o cümlədən Türkiyədə, 585 əyarından aşağı qızıl zinət əşyalarının istehsal və satışına gətirib çıxarır.

 

Bəs görəsən, eyni təcrübənin Azərbaycanda da yayılması mümkündürmü? 

 

Sualımıza aydınlıq gətirən iqtisadçı-ekspert Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, belə bir imkan nəzəri cəhətdən Azərbaycanda da mövcuddur, lakin bəzi məqamlar nəzərə alınmalıdır. 

 

 

Onun sözlərinə görə qızılın qiymətinin tarixi maksimuma çatması zinət əşyalarının xərclərini artırır, xüsusən yüksək əyar qızıllarda (585 əyar və daha yüksək) daha yüksək olur:

 

“Bu halda istehsalçılar və satıcılar daha aşağı əyar qızıllara yönələ bilərlər, çünki onlar həm daha ucuz başa gəlir, həm də alıcılara münasib qiymətlə təqdim edilə bilər.

Türkiyədə bazarlarda 375, 500 və 750 əyar qızıllar geniş istifadə olunur. Aşağı əyar qızıl zinət əşyaları ucuz başa gəlir, lakin müəyyən dərəcədə dayanıqlıq və parıltı itir. Azərbaycanda qanunvericilik baxımından 585 əyar qızıl sərbəstdir, lakin bəzi rəsmiləşdirmə və standart yoxlamalar tələb oluna bilər”.

 

Ekspert vurğulayıb ki, aşağı əyar qızıl zinət əşyalarının istehsalı mümkündür, lakin alıcı məlumatlı olmalıdır və məhsulun 585 əyardan aşağı olduğunu bilməlidir:

 

“Qızıl bahalaşdıqda alıcılar daha ucuz variantlara yönəlir və bu, xüsusən gənc və orta gəlirli alıcılar arasında populyardır. Türkiyədə bu praktika uğurludur, çünki aşağı əyar qızıl həm münasibdir, həm də modaya uyğun dizaynlarda istehsal olunur. Azərbaycanda bazar hələ böyüyür; buna görə tələbat yaranarsa, eyni tendensiya baş verə bilər. Aşağı əyar qızıl zinət əşyalarının qiymətinin və keyfiyyətinin istehlakçıya düzgün çatdırılması vacibdir. Etiketləmə və sertifikatlaşdırma təmin edilməli, alıcı aldığını bilməli və etibarını saxlamalıdır”.

 

Müsahibimiz uğurlu tətbiq üçün əsas məqamları da qeyd edib:

 

1. İstehsal keyfiyyətinə diqqət

2. Düzgün etiketləmə və sertifikatlaşdırma 

3. Bazara uyğun dizayn və reklam

4. Alıcının məlumatlandırılması

 

Beləliklə, Azərbaycanda 585 əyarından aşağı qızıl zinət əşyalarının istehsalı və satışı mümkündür.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR