Neft hasilatı artacaq, qiymətlərsə... - Şərh

Neft hasilatı artacaq, qiymətlərsə... - Şərh
Kateqoriya məlum deyil
T

Dünyada neft hasilatının artım tempinin sürətlənəcəyi proqnozlaşdırılır. ABŞ Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2025–2026-cı illər üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı ilə bağlı proqnozunu yeniləyib.


EIA-nın aylıq hesabatına əsasən, bu il maye karbohidrogenlərin gündəlik qlobal istehsalının orta hesabla 105,87 milyon barel olacağı gözlənilir. Bu göstərici əvvəlki proqnozdan 0,33 milyon barel çoxdur.


Hesabata görə, gələn il qlobal gündəlik maye karbohidrogen hasilatının 107,17 milyon barel səviyyəsində olacağı ehtimal edilir. Bu da əvvəlki proqnoz (106,64 milyon barel) ilə müqayisədə artım deməkdir.


Bu məlumatlar neft bazarındakı vəziyyətin qiymətlərin azalma yönündə olduğunu göstərirmi? 


Sfera.az xəbər verir ki, bununla bağlı fikrini bildirən iqtisadçı Xalid Kərimli dedi ki, hasilatın artırılması və ya proqnozdan çox olması ilə bağlı xəbərlər adətən neftin qiymətinə aşağı istiqamətli təzyiq yaradan amillər sayılır. 

 


Onun sözlərinə görə, yəni bu cür məlumatlar bazarda qiymətlərin enməsinə səbəb olur:


“Əksinə, tələbatın artması iqtisadi fəallığın genişlənəcəyinə işarə edir və qiymətləri yüksəldən faktor kimi çıxış edir. Eyni zamanda, neft hasilatının azalması və təklifin məhdudlaşması ilə bağlı xəbərlər də qiymət artımına səbəb olur. Sadalanan bu məlumatlar neftin qiymətinə azaldıcı təsir göstərir. Məhz bu proqnozlara əsasən neft bazarında qiymətlər tədricən formalaşır. Qeyd olunan xəbərlər bazar üçün ciddi dərəcədə gözlənilməz hesab edilmir”.
Qeyd edək ki, məlumata görə, 2024-cü ildə qlobal maye karbohidrogenlərin gündəlik istehsalı orta hesabla 102–103 milyon barel səviyyəsində olub.
Beləliklə, cari il üzrə proqnoz 2024-cü ilin faktiki hasilat səviyyəsindən təxminən 2–3 milyon barel çoxdur.


Bildirilir ki, hasilatın bu templə artması neftin qlobal qiymətlərinə müəyyən aşağı istiqamətli təzyiq göstərə bilər.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR