Qızılın qiyməti düşəcək? - AÇIQLAMA

Qızılın qiyməti düşəcək? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Dünyada qızılın qiymətində artım davam edir. Bu gün beynəlxalq birjalarda qızılın bir troya unsiyasının (31,1 qram)  qiyməti 3 949 ABŞ dollarını ötərək yeni tarixi rekorda imza atıb. Bununla da son bir ildə “nəcib metal”ın dəyərində 49 faizlik artım qeydə alınıb.

 

Maliyyə institutlarının proqnozlarına görə, qızılın qiymətində yüksəliş tendensiyası davam edəcək və gələn il 4500 dollar həddinə çata bilər.


Lakin bu artım investorlar arasında narahatlıq da yaradıb. Xatırladaq ki, 2012-ci ildə qızılın qiyməti 1850 dollar səviyyəsinə çatdıqdan sonra 2018-ci ilin sonlarında 1200 dollara qədər geriləmişdi. Bənzər bir ssenarinin təkrarlanıb-təkrarlanmaması məsələsi gündəmdədir.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli vəziyyəti şərh edib:

 


“Son bir ildə qızılın qiyməti təxminən 49 faiz bahalaşıb və artım tendensiyası davam edir. Qızıl demək olar ki, hər həftə yeni rekord səviyyəsinə çatır. Bunun əsas səbəbi dünyada geosiyasi gərginliklərin və qeyri-müəyyənliklərin artmasıdır. Müharibələr, ölkələr arasında münasibətlərin kəskinləşməsi, Qərb və Qlobal Cənub arasındakı qarşıdurma qızılın dəyərinə birbaşa təsir göstərir”.


Ekspertin sözlərinə görə, son günlərdə qiymət artımını sürətləndirən əsas amil ABŞ-də baş verən büdcə böhranı və hökumət fəaliyyətinin dayanması (şatdaun) təhlükəsidir:


“Bu proseslər qeyri-müəyyənliyi artırır və dolların ucuzlaşacağına dair gözləntiləri gücləndirir. Dolların zəifləməsi və faiz dərəcələrinin azaldılması ehtimalı qızılın dəyərini yüksəldən mühüm faktorlardandır. Faiz dərəcələri aşağı düşəndə, gəlir gətirməyən qızıla maraq artır. Qızılın qiymətində artım proqnozlaşdırılsa da, bütün vəsaiti qızıla yatırmaq risklidir. İnvestorlar portfellərini diversifikasiya etməli, yəni müxtəlif istiqamətlərə bölməlidirlər”.


İqtisadçı, eyni zamanda, qızılın bahalaşmasının Azərbaycan iqtisadiyyatına ikiqat təsir etdiyini bildirib:


“Müsbət tərəfi ondan ibarətdir ki, Dövlət Neft Fondunun aktivlərinin təxminən 25-26 faizi qızıldan ibarətdir, yəni qiymət artımı xalqın sərvətini də artırır. Bundan başqa, ölkəmizdə qızıl hasilatı və ixrac edən şirkətlərin gəlirləri artır, büdcəyə ödənişlər çoxalır. Amma mənfi tərəfi budur ki, toy və hədiyyə məqsədilə alınan zinət əşyaları da bahalaşır, bu isə vətəndaşlar üçün əlavə maliyyə yükü yaradır. 2026-cı ildə də qızılın qiymətinin qalxacağını, artım tendensiyasını müşahidə edəcəyik. Lakin ivestorlar diqqətli olmalı, bütün yatırımlarını qızıla yönəltməməlidirlər. Çünki Dövlət Neft Fondu belə ehtiyatlarının dörddə birini qızılına, dörddə üçünü isə istiqrazlara, daşınmaz əmlaka yatırım edir”.

 

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR