"Bu sahə ölkəyə əlavə qazanc gətirir" - Rəqabət daha da artacaq

"Bu sahə ölkəyə əlavə qazanc gətirir" - Rəqabət daha da artacaq
Kateqoriya məlum deyil
T

Bu ilin yanvar-sentyabr ayları ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində fəaliyyət göstərən Bakı Beynəlxalq Dəniz Limanı vasitəsilə ümumilikdə 6 milyon 108 min ton yük daşınıb.


Məlumata əsasən, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artım göstərir və son 22 ilin ən yüksək nəticəsi kimi qeydə alınıb.

 

Əgər artım tempi bu cür davam edərsə, Azərbaycan logistika gəlirləri digər gəlirləri üstələyə bilərmi və bunun müsbət tərəfləri nədir?

 

Sfera.az-a bu barədə açıqlama verən iqtisadçı Natiq Cəfərli Azərbaycanın logistika mərkəzinə çevrilmək istəyinin və bu istiqamətdə atılan addımların artıq nəticə verdiyini bildirib.

 

İqtisadçının fikrincə, lakin bu, o demək deyil ki, yükdaşıma və tranzitdən əldə olunan gəlirlər ölkənin digər əsas gəlir mənbələrini üstələyəcək:

 

“Sadəcə olaraq, bu sahə ölkəyə əlavə qazanc gətirəcək ki, bu da özü-özlüyündə mühüm nailiyyətdir. Buna görə də logistika sektorunun inkişafı prioritet olmalıdır. Yükdaşımaların həcmi artmalı, logistika infrastrukturunun imkanları genişləndirilməlidir”.

 

 

N.Cəfərli bunun, həm də dividendlər və əlavə vəsait axını üçün şərait yaradacağını qeyd edib:

 

“Yəni logistika və tranzitdən əldə olunan gəlirlər, məsələn, neft gəlirlərini əvəz etməsə də, iqtisadiyyata əlavə imkanlar qazandıracaq. Logistika potensialı artdıqca xarici şirkətlərin marağı da yüksəlir, yeni marşrutlar formalaşır, əməkdaşlıq əlaqələri genişlənir. Nəticədə bu proses iqtisadi inkişaf üçün əlavə stimul rolunu oynayır”.

 

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanında 3 milyon 930 min 521 ton yük aşırılıb. Bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən 6,3 % çoxdur.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR