Bu ölkə avronu istəmir: “Avropa İttifaqı dağılır”
“Macarıstan avronu qəbul etməməlidir, çünki Avropa İttifaqı dağılma prosesindədir”.
Sfera.az “Gazeta.ru”nəşrinə istinadən xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban “EconomX” saytına müsahibəsində bildirib.
Avronun dövriyyəyə buraxılması ilə bağlı suala cavab verən Orban qeyd edib ki:
“Avropa İttifaqı problem içindədir, parçalanma prosesindədir, sadəcə olaraq dağılır”.
Onun sözlərinə görə, əgər radikal dəyişikliklər baş verməsə, bu proses davam edəcək və Avropa İttifaqı Macarıstan üçün sadəcə keçmiş mərhələ olaraq qalacaq. Baş nazir vurğulayıb ki, ölkəsinin taleyi ittifaqla bu qədər sıx bağlı olmamalıdır və avronun qəbul edilməsi bu bağlılığı daha da gücləndirəcək.
Orban həmçinin əlavə edib ki, Donald Trampın prezidentliyindən bu yana ölkə artıq 150 milyard forint (təxminən 390 milyon avro) həcmində Amerika investisiyasını cəlb edib.
Xatırladaq ki, oktyabrın 1-də Orban Ukraynanın Avropa İttifaqına daxil olmasını Avropanın silahlı münaqişəyə birbaşa müdaxiləsi demək olduğunu bəyan edib.
Onun sözlərinə görə, bu, baş verərsə, avropalı vergi ödəyicilərinin pulları Kiyevə yönələcək. Baş nazir daha əvvəl Macarıstanın veto hüququndan məhrum ediləcəyi təqdirdə Brüsseli hüquqi tədbirlərlə hədələyəcəyini də bəyan etmişdi.
Qeyd edək ki, Macarıstanın pul vahidi forintidir.
Fidan Hacızadə
Sfera.az






