"Bahar" və "Qum-dəniz" yataqları hasilata fayda verəcək? - AÇIQLAMA

"Bahar" və "Qum-dəniz" yataqları hasilata fayda verəcək? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə SLB şirkəti arasında Xəzər dənizindəki "Bahar" və "Qum-dəniz" yataqlarının yenidən işlənməsini sürətləndirmək üçün tərəfdaşlıq barədə sənəd imzalanıb. Rəsmi məlumata əsasən, layihə SOCAR-ın neft hasilatını artırmaq və yetkin dəniz aktivlərinin istismar müddətini uzatmaq üzrə uzunmüddətli strategiyasında mühüm rol oynayacaq.

 

"Bahar" və "Qum-dəniz" yataqlarının neft ehtiyatları çoxdurmu? Hasilatda artıma nə qədər töhfə verə bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Zəfər Vəliyev bildirib ki, SOCAR ilə SLB (keçmiş Shlumberger) şirkəti arasında Xəzər dənizindəki “Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsini sürətləndirməklə bağlı imzalanmış tərəfdaşlıq sazişi, SOCAR aktivində olan dəniz yataqlarının istismar müddətini uzatmaq və karbohidrogen hasilatını artırmaqla bağlı SOCAR-ın uzunmüddətli strategiyasının tərkib hissəsidir:

 

" "Bahar" qaz-kondensat yatağı 1969-cu ildə, "Qumdəniz" neft yatağı isə 1955-ci ildə sənaye işlənməsinə verilib. SOCAR və SLB şirkəti arasında bağlanmış saziş, qarşıdakı illərdə qoyulacaq sərmayələr qarşılığında hər iki yataqda perspektivli hasilat zonalarının müəyyənləşdirilməsinə və aktiv quyu fondunun artırılmasına səbəb olacaq ki, bu da sonda hasilat göstəricilərinin artması deməkdir".

 

Mütəxəssis qeyd edib ki, indiyədək hər iki yatağın hasilat göstəriciləri aşağı olub.

 

Qeyd edək ki, rəsmi məlumata görə, 2025-ci ilin ikinci rübündə ölkə üzrə ümumi neft hasilatı 6,8 milyon ton təşkil edib, bunun 1,8 milyon tonu isə SOCAR-ın payına düşüb. Ekspertlərin fikrincə, “Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsi nəticəsində yaxın illərdə illik hasilata ən azı 1-1,5 milyon ton əlavə olunması gözlənilir ki, bu da ümumi statistikanın yüksəlməsinə ciddi təsir göstərə bilər.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR