"Yüklərin daşınmasında uzunmüddətli tarif müsbət nəticə verəcək"

"Yüklərin daşınmasında uzunmüddətli tarif müsbət nəticə verəcək"
Kateqoriya məlum deyil
T

Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolu operatorları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) üzrə bütün istiqamət boyunca vahid uzunmüddətli tarifin tətbiqi barədə razılığa gəliblər.

 


Bu qərar “Qazaxıstan Dəmir Yolu”, “Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolu” SC tərəfindən Almatıda keçirilən VII Beynəlxalq nəqliyyat-logistika biznes forumu “New Silk Way” çərçivəsində imzalanmış “Orta Dəhlizdə darboğazların aradan qaldırılmasına dair Tədbirlər Planı”nda əksini tapıb.

 

Bu cür tarif siyasətinin əhəmiyyəti nədir? Yükdaşımalarda səmərəliliyə necə təsir edəcək?

 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bu qərarın ümumilikdə müxtəlif yüklərin daşınmasına dair qaydaları əhatə etdiyini və onların bir nöqtədən digərinə daşınmasına nəzarət mexanizmini müəyyənləşdirdiyini bildirib. 

 

 

Onun sözlərinə görə, əsas məqsəd yükdaşımaların vahid tarif və mexanizm əsasında tənzimlənməsidir:

 

“Burada nəzərdə tutulan vahid qiymət o deməkdir ki, daşıma xərcləri birbaşa sifarişçi tərəfindən ödəniləcək və bu da nəticə etibarilə malın maya dəyərinə təsir göstərəcək. Belə yanaşma həm daha perspektivli, həm də davamlı bir sistemin qurulmasına imkan verəcək. Hesab edirəm ki, bu, uğurlu qərardır. Əgər sənədləşmə düzgün aparılarsa və proseslər şəffaf həyata keçirilərsə, müsbət nəticələr əldə olunacağı gözlənilir. Yüklərin daşınması vahid qurum tərəfindən idarə olunacaq və ödəniş sistemi mərkəzləşdiriləcək”.

 

Ekspert bundan əlavə, Transqafqaz dəhlizinin gələcəkdə istər Orta Dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində, istərsə də Gürcüstan üzərindən uzanan marşrutlarda ümumi qaydaları özündə birləşdirəcəyini qeyd edib:

 

“Məsələn, Azərbaycana gətirilən yüklər, istər Bakı limanına daxil olan, istərsə də Qazaxıstan və digər Xəzəryanı ölkələrdən gətirilən məhsullar bu sistem çərçivəsində vahid prinsiplə tənzimlənəcək. Beləliklə, yükləri daşıyan şirkətlər və bu sahədə fəaliyyət göstərən qurumlar iş prinsiplərini daha səmərəli şəkildə qura biləcəklər”.

 

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR