Azərbaycanda dollara tələb azalıb - Ekspert

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları artıq 10 aydır ki, ardıcıl olaraq artır. 2024-cü ilin noyabr ayının sonunda 10 milyard 968 milyon dollar olan ehtiyatların həcmi, 2025-ci ilin sentyabrında 11 milyard 311 milyon dollara çatıb. Beləliklə, son 10 ayda ehtiyatlar 343 milyon dollar və ya 3,13 faiz artım nümayiş etdirib.
Mərkəzi Bankın ehtiyatlarındakı davamlı artım nəyin əlamətidir? Ölkəmizdə dollara tələb azalıb?
Məsələ ilə bağlı Sfera.az saytına açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının artması bir neçə əsas amillə bağlıdır.
O qeyd edib ki, ilk növbədə bu, Mərkəzi Bankın dollar satışının azalmasının göstəricisidir:
“Mərkəzi Bankın ehtiyatlarının artması o deməkdir ki, artıq insanlar sürətli şəkildə öz vəsaitlərini dollara çevirmirlər. Yəni, əhalidə və biznesdə dollara kəskin tələbat müşahidə olunmur. Bu isə rezervlərin artmasına təsir göstərir”.
Ekspert bildirib ki, digər mühüm amil Dövlət Neft Fondundan (ARDNF) bazara daha çox valyuta transfertlərinin həyata keçirilməsidir:
“Keçən illə müqayisədə bu il Neft Fondu bazara təqribən 1 milyard dollar çox vəsait çıxarıb, bazara daha çox dollar daxil olub. Amma bu prosesdə hər hansı ajiotaj yaranmayıb, çünki bazarda kifayət qədər valyuta mövcuddur. Neftin qiymətinin sabit qalması da əlavə təhlükəsizlik yaradır”.

Xalid Kərimli əlavə edib ki, hazırkı şəraitdə Mərkəzi Bank artıq bazara daxil olan əlavə dollarları alaraq ehtiyatlarını artırır:
“Fiksə edilmiş məzənnə rejiminin mahiyyəti də bundan ibarətdir – Mərkəzi Bank qoyduğu məzənnə çərçivəsində bazara lazım olduğu qədər valyuta verir və əksinə, artıqlıq yarandıqda həmin valyutanı alır. Hazırda baş verən də məhz budur. Mərkəzi Bankın ehtiyatlarının artması həm ölkədə dollara tələbin azalmasından, həm də Neft Fondundan bazara daha çox valyuta çıxarılmasından qaynaqlanır. Bu proses isə ümumilikdə maliyyə sabitliyinin qorunmasının əlaməti kimi dəyərləndirilir”.
Bəsti Rəfizadə
Sfera.az






