KOB-ların qarşılaşdığı çətinliklər: Dövlət hansı dəstəyi verir?

Azərbaycanda kiçik və orta biznesin inkişafını, rəqabətədavamlılığını yaxşılaşdırmaq üçün hökumət daim dəstək tədbirlərini həyata keçirir. Bu sıradan dövlət kiçik və orta biznesin inkişafı üçün müxtəlif proqramlar, güzəştli kreditlər və məsləhət xidmətləri təqdim edir.
Dəstək tədbirlərinə baxmayaraq sahibkarların maliyyə mənbələrinə çıxış imkanları, inzibati prosedurlar, rəqabət mühiti və texnoloji imkanlarla bağlı müxtəlif problemləri də var.
Bəs görəsən hazırda Azərbaycanda kiçik biznes sahibləri hansı əsas iqtisadi və inzibati problemlərlə üzləşirlər və dövlət onlara hansı proqramlar və maliyyə dəstəyi vasitəsilə kömək edir?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a bildirdi ki, Azərbaycanda kiçik biznes sahibləri bir sıra iqtisadi və inzibati çətinliklərlə üzləşirlər.
Onun sözlərinə görə, sahibkarların əsas problemləri maliyyə mənbələrinə çıxış imkanlarının məhdudluğu, kredit faizlərinin yüksəkliyi, bankların riskdən çəkinməsi və zəmanət tələbləri ilə bağlıdır. Ekspert dedi ki, bunlarla yanaşı, maliyyə savadlılığının aşağı səviyyədə olması düzgün biznes planlaşdırmanı çətinləşdirir:
“Kiçik biznes nümayəndələrinin qarşılaşdığı digər maneələr arasında lisenziyalaşdırma, qeydiyyat və vergi prosedurlarının mürəkkəbliyi, rəqəmsal xidmətlərin tam tətbiq olunmaması, bazara çıxış imkanlarının zəifliyi və iri şirkətlərlə rəqabət problemləri də yer alır. Eyni zamanda, texnoloji yeniliklərə çıxışın məhdudluğu, kadr çatışmazlığı, infrastruktur problemləri və iqtisadi dəyişkənliklər də kiçik sahibkarlığın inkişafına mane olur”.

Ekspertin fikrincə dövlət bu sahədə dəstək mexanizmlərini genişləndirir:
“Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara hüquqi məsləhət, təlimlər, qrant müsabiqələri və biznes planlaşdırmada yardım göstərir. Sahibkarlığın İnkişafı Fondu vasitəsilə güzəştli kreditlər təqdim edilir, “KOB Dostu” şəbəkəsi və “KOB Evləri” vasitəsilə regionlarda sahibkarların qeydiyyat, ixrac, maliyyə və lisenziya məsələləri daha sadə şəkildə həll olunur.
Bundan əlavə, dövlət mikro və kiçik müəssisələrin bazar araşdırmalarına maliyyə dəstəyi verir, məşğulluq təşəbbüsləri çərçivəsində həssas qrupların kiçik biznes yaratmasına şərait yaradır, həmçinin rəqəmsallaşma proqramları vasitəsilə sahibkarların texnologiyalara çıxışını asanlaşdırır. Vergi və inzibati islahatlar isə biznes mühitini daha əlverişli etmək məqsədi daşıyır”.
Niyaz Hacıyev
Sfera.az






