Son illərdə Azərbaycan əhalisi tərəfindən idxal edilən malların həcmində nəzərəçarpacaq artım müşahidə edilir. 2025-ci ilin yanvar-avqust ayları ərzində fiziki şəxslər Azərbaycana 1,4 milyard dollara yaxın mal gətirib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 120 milyon dollardan çoxdur.
Fiziki şəxslərin idxalının artması nə ilə bağlıdır?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Elman Sadıqovun sözlərinə görə, şəxsi istehlak üçün xaricdən mal idxalı son dövrlərdə artmaqda davam edir və bu artımın gələcəkdə də davam edəcəyi ehtimal olunur:
“Bu proses yalnız Azərbaycana xas deyil, dünya miqyasında gedən uzunmüddətli bir tendensiyadır. İnformasiya texnologiyalarının geniş yayılması, onlayn ticarətin sürətli inkişafı insanları xaricdən məhsul sifariş etməyə təşviq edir. İndiyə qədər bunu etməyən insanlar da məlumatlılıq səviyyəsinin artması ilə xarici məhsullara yönəlir”.
Ekspert idxalda artımın əsas səbəblərini üç istiqamətdə izah edib:
“İnsanlar xaricdəki məhsullar barədə daha çox məlumat əldə edir, onlayn alış-veriş imkanları genişlənir. Bu da əhalinin xarici məhsullara müraciətini artırır. Digər məsələ isə keyfiyyətdir. Azərbaycanda bəzi məhsulların keyfiyyətinə inam azaldığı üçün insanlar xaricdən daha keyfiyyətli və etibarlı məhsullar sifariş etməyə üstünlük verirlər. Həmçinin, ölkədə əhali artımı davam edir, buna görə də istehlak tələbləri də artır. İnsanlar daha geniş çeşiddə və fərqli məhsullara müraciət edir”.
Mütəxəssisin sözlərinə görə, xaricdən sifariş olunan məhsullar arasında ən çox geyim, təmizlik məhsulları və avadanlıqları, vitaminlər və qida əlavələri, eləcə də məişət texnikası və elektronika üstünlük təşkil edir.
“Bu məhsullar Azərbaycanda istehsal olunmadığı üçün onların idxalı yerli istehsala ciddi təsir etmir. İstehsalın əsas sahələri, məsələn, ərzaq məhsulları, əhali tərəfindən xaricdən sifariş edilmir. Buna görə də istehsalımıza təsir minimumdur. Əhali xaricdən məhsul aldıqda, bu vəsaitlər xarici iqtisadiyyata yönəlir, lakin Azərbaycanda istehsal edilməyən məhsullar olduğu üçün daxili bazara ciddi zərər vermir. Əgər bizdə həmin sahələrdə istehsal olsaydı, bu daha ciddi məsələ olardı”.
Ekspertin fikrincə, bu tendensiya Azərbaycan iqtisadiyyatına ciddi zərər vermir, əksinə, əhali istehlakının şaxələndirilməsinə və ticarət sahəsinin inkişafına töhfə verir.
E.Sadıqov onu da bildirdi ki, fiziki şəxslərin idxalının artması rifah halını da yaxşılaşdırır:
"Xaricdən ucuz məhsul gətirməklə daha çox qənaət etmiş olursunuz və digər sahələrə də daha çox vəsait xərcləmə imkanınız qalır. Bu isə əhalinin rifahının artmasına müsbət təsir edir".
Bəsti Rəfizadə
Sfera.az