Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanda nəzərdə tutulan tədbirlərlə şəhər daxilində nəqliyyat axını nizamlanacaq, tıxacların qarşısı alınacaq və yol infrastrukturu davamlı maliyyələşdiriləcək. Fərmanda diqqət çəkəb əsas məsələlərdən biri şəhər daxilində ödənişli yolların təşkil edilməsidir.
Nəqliyyat eksperti Aslan Əsədov mövzu ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, hazırda Bakıda ödənişli yollar praktikası tətbiq olunmur:
“İndiyə qədər bu sistemi tətbiq etməməyimizin səbəbi onun infrastruktur və maliyyə tələblərinin yüksək olmasıdır. Ödənişli yollar həm şəhər daxilində, həm də şəhərdən kənarda yol təmiri və istismarı üçün böyük vəsait tələb edir. Eyni zamanda bu yolların maliyyələşməsi özünü ödəyən mexanizm vasitəsilə təmin olunmalıdır”.
Əsədov qeyd edib ki, fərmandan irəli gələn məsələlərlə bağlı xarici ölkələrin təcrübəsi öyrəniləcək:
“Xarici ölkələrdə ödənişli yollar adətən avtobus zolaqları ilə birləşdirilmir. Məsələn, İstanbul, Moskva və digər şəhərlərdə ödənişli yollarda ictimai nəqliyyat vasitələri olan avtobuslar hərəkət etmir. Avtobuslar həmin zonalardan pulsuz istifadə edirlər və ictimai nəqliyyat istifadəçiləri üçün hər hansı ödəniş tələb olunmur”.
Ekspert bildirib ki, ödənişli yollarda hərəkət edən nəqliyyat vasitələrinin əsas parametrləri – məsafə, sürət və ödəniş mexanizmləri dəqiqliklə təyin olunur:
“Ödənişli yolların tətbiqi ilə tıxacların aradan qaldırılması hədəflənir. Sistem elə qurulacaq ki, sürücülər boş yerə yanacaq sərf etmədən, ödəniş edərək yolunu davam etdirə biləcək. Bu, həm sürücülərin, həm də şəhərin nəqliyyat infrastrukturu üçün səmərəli olacaq. Ödənişli yolların tətbiqi ilə bağlı prosedurlar, ödəniş üsulları (nağd, kart, POS-terminal) və digər texniki tənzimləmələr növbəti mərhələdə açıqlanacaq. Bu addım yalnız ödənişdən ibarət deyil, həm də şəhər daxilində nəqliyyat vasitələrinin idarə edilməsini, yol hərəkətinin səmərəliliyini və tıxacların qarşısının alınmasını hədəfləyir”.
Fərman üzrə tətbiq olunacaq sistem, şəhərin müəyyən zonalarında nəqliyyat axınını nizamlamaqla, avtomobil sahiblərinə alternativ vəsaitlə daha rahat hərəkət imkanı təmin edəcək. Əsədovun sözlərinə görə, Prezident tərəfindən müəyyən edilmiş müddət ərzində bu sistemin tam həyata keçirilməsi nəzərdə tutulur.
Bəsti Rəfizadə
Sfera.az