Son illər Azərbaycan xarici ölkələrlə münasibətlərində vizasız rejimin tətbiqini genişləndirir. Xüsusilə də 2024–2025-ci illərdə bir sıra dövlətlərlə qarşılıqlı viza tələbi aradan qaldırılıb. Hazırda Azərbaycan vətəndaşları Çin, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Özbəkistan, Qazaxıstan, Belarus, Gürcüstan, Türkiyə və daha bir neçə ölkəyə vizasız səfər edə bilirlər. Eyni zamanda, həmin ölkələrin vətəndaşları da Azərbaycana gələrkən viza proseduru ilə üzləşmirlər.
Ekspertlərin fikrincə, bu qərar həm sosial-iqtisadi əlaqələrin möhkəmlənməsi, həm də turizm axınının artması baxımından mühüm əhəmiyyət daşıyır. Çünki vizanın ləğvi yalnız turistlər üçün deyil, biznes fəaliyyəti, idxal-ixrac əməliyyatları, investisiya mühiti və ölkələrarası əlaqələrin inkişafı üçün də vacib addım hesab olunur.
Mövzu ilə bağlı Sfera.az-a danışan iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, bir neçə ölkə ilə qarşılıqlı viza rejiminin ləğvi ilk növbədə vətəndaşların sosial-iqtisadi inkişafına təsir edir.
Onun sözlərinə görə, viza prosedurları həm çətin, həm vaxt alıcı olur:
“Viza şərtlərinə uyğun olmaq və viza almaq hərkəsə nəsib olmur. Viza prosedurunun aradan qaldırılması vətəndaşların rahatlığı üçün də vacibdir. Məsələnin iqtisadi tərəfinə qaldıqda viza proseduru tək səyahət etmək məqsədi üçün deyil idxal-ixrac əməliyyatları üçün də iqtisadi səmərə təşkil edir. Səyahət və turizm baxımdan da ölkə iqtisadiyyatına gəlir gətirir. Turizm sektorunun inkişafı yönündə müxtəlif layihələr icra olunur, işlər görülür”.
Ekspert qeyd edib ki, viza proseduru nə qədər aradan qaldırılsa da, ölkənin təhlükəsizliyini qorumaq üçün nəzərdə tutulan xərclər də artır:
“Məlumdur ki, ölkənin quru sərhədləri bağlıdır, Qarabağ bölgəsi işğaldan yeni azad olunub. Bu şəraitdə təhlükəsizlik üçün xərclər də artır. Rəqəmsal texnologiyalara, gömrük xidmətində ən son texnologiyalar ilə yoxlamalara, iş icra etməyə ehtiyac duyulur”.
G.Hüseynovanın fikrincə, ölkədə xarici turistlərin artmasını təşkil etmədən öncə konkret olaraq hər hansısa bir məhsulda tanınmağa, yeniliyə ehtiyacımız var:
“Nümunə olaraq deyə bilərəm ki, Türkiyəyə gedən turist ən azı 1 tekstil məhsulu alıb aparır ölkəsinə, ona görə də ölkənin tekstil səviyyəsi yüksək inkişaf edib. Bəs bizim ölkəmizdən nə alıb aparacaq? Hətta təklif edərdim ki, hava limanlarında kiçik mağaza guşəsi yaradılsın, milli ornamentlərlə müəyyən ölçülü Azərbaycan xalçası və ya kiçik bir fincan kimi hər hansbir ısa məhsul satışı həyata keçirilsin. O zaman deyə bilərik ki, xarici turist həm ölkəni gəzdi bu turizmə dəstək oldu, həm də ölkədən nəyisə alıb aparması iqtisadiyyata səmərə təşkil etdi”.
Firuzə Əliyeva
Sfera.az