Son günlər Azərbaycanda qızıldan hazırlanan zinət əşyalarının satış qiymətində artım müşahidə olunur. “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin məlumatına görə, 585 əyarlı qızıl məmulatlarının qiyməti 140–160 manat, 750 əyarlı qızıl məmulatları 180–210 manat, 999,9 əyarlı qızıl isə 220–240 manata yüksəlib.
Qiymətlərin yüksəlməsi ailə həyatı quran cütlüklərin qızıl-zinət əşyaları ilə bağlı xərclərini xeyli artırıb. Artıq bəzi müsəlman və Şərq ölkələrində yüksək qiymətlər evlənən cütlüklərə qızıl-zinət əşyası alınması ənənəsinə təsir göstərib.
İqtisaçı-ekspert Xalid Kərimli Sfera.az-a bildirdib ki, qızılın bahalaşması hələ bir qədər də davam edəcək.
O qeyd etdi ki, bu səbəbdən Azərbaycanda qızıldan hazırlanan zinət əşyaları daha da bahalaşacaq:
"Son 5 ildə qızıl qiymətləri 103 faiz artıb. Təkcə bu son 1 ildə 42 faiz artım olub. Son 1 ildə artım daha sürətli baş verib. Bunun səbəbləri müxtəlifdir. Dünyada müharibə risklərinin artması, dövlətlərin bir-birinə sanksiya tətbiq etməsi, iqtisadi müharibələr, gərginliklər və s. bunlar hamısı qızılın qiymətinə artırıcı təsir göstərir”.
Ekspert əlavə edib ki, qiymətlər təkcə xaricdə deyil bizim bazarda da bahalaşıb və bu ailə həyatı quranlara mənfi təsir göstərir:
“Sürətli bahalaşma ailə həyatı quranların qızıl-zinət əşyaları almasını çətinləşdirir. Son 1 ildə əhalinin normal gəlirləri 7 faiz artıb. Ötən il isə bu göstəricisi 5,6 faiz olubi. Yəni orta hesabla görürsək nominal gəlirlər son 2 ildə 6 faiz artıb. Amma qızılın qiyməti bir ildə 42 faiz artıb. Təbii ki, bu, qızıl alma işlərini çətinləşdirir. Yeni ailə həyatı quranlar da gənclər olduğundan, onlara daha ciddi təsir göstərir. Buna görə də hər kəs öz yorğanına görə ayağını uzatmalıdır. Vəziyyətin dəyişib dəyişməyəcəyini isə yaşayıb görəcəyik”.
Niyaz Hacıyev
Sfera.az