Dünyada baş verən iqtisadi və siyasi gərginliklər yalnız qızılın deyil, digər qiymətli metalların da qiymətinə təsirsiz ötüşmür. Son dövrlərdə xüsusilə gümüş bazarında nəzərəçarpacaq bahalaşma müşahidə olunur. Qlobal maliyyə böhranı, mərkəzi bankların pul-kredit siyasətində dəyişikliklər, inflyasiya təzyiqləri və geosiyasi risklər nəticəsində investorlar ənənəvi olaraq təhlükəsiz liman sayılan qızıla üz tuturlar. Bu proses, paralel olaraq, gümüşün də qiymətində yüksəlişə səbəb olur.
Məlumatlara görə, son bir ildə gümüşün qiyməti 38 faiz, yalnız son bir ayda isə 14 faiz artıb. Hazırda gümüşün bir troya unsiyasının dəyəri 44 dollar, bir qramının qiyməti isə 1.42 dollar təşkil edir. Ekspertlərə görə, bu artım tendensiyası müəyyən qədər qızıl bazarındakı dinamika ilə bağlıdır və proporsional şəkildə davam edə bilər.
Qlobal hesabatlara görə, 2024-cü ildə dünyada gümüş tələbatı 33 min ton təşkil edib ki, bu da son 10 ilin ən yüksək göstəricilərindən biridir. Azərbaycan bazarında isə gümüş, əsasən, zinət əşyaları və sənaye məhsullarında istifadə olunduğundan, dünya qiymətlərindəki dəyişiklik yerli bazara da birbaşa təsir göstərir.
İndiki qiymət dəyişikliklərini nəzərə alsaq, gümüş gələcəkdə daha da bahalaşa bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, dünyadakı qeyri-iqtisadi sabitliyə əsasən qızılın qiyməti artır.
Onun sözlərinə görə, bu da digər qiymətli metalların bahalaşmasına təsir edir:
"Sözsüz ki, bu siyahıya gümüş də aiddir. Hesab edirəm ki, proporsional qaydada qiymət artımı davam edərsə, gümüşün də bahalaşması gözlənilir. Digər qiymətli metalların dinamikasında da bu tendesiyanı müşahidə edə bilərik".
Firuzə Əliyeva
Sfera.az