Banklar son vaxtlar komissiyasız pul köçürmələri ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edirlər. Əvvəllər ay ərzində komissiyasız daha yüksək məbləğdə əməliyyata icazə verilirdisə hazırda bu limitlər azaldılıb.
Bəs banklar niyə komissiyasız pul köçürmələr üçün limiti azaldır?
Bununla bağlı Sfera.az-a açıqlama verən bank eksperti Əkrəm Həsənov bildirdi ki, komissiyasız pul köçürmələri bir qədər təəccüblü görünə bilər.
Onun sözlərinə görə, bankın həyata keçirdiyi hər bir əməliyyat əslində müştəriyə göstərilən xidmətdir:
“Bank qazanc götürməsə belə həmin əməliyyat üçün sistem saxlayır, əməkdaşlara maaş ödəyir və müəyyən xərclər çəkir. Bu səbəbdən əvvəllər çox kiçik məbləğli əməliyyatlarda komissiya tutulmadığı halda indi artıq tətbiq edilməyə başlanıb. Normal haldır, çünki dünyada aparıcı ölkələrin bankları komissiyasız heç bir xidmət göstərmirlər”.
Qeyd edək ki, bankların aparılan əməliyyatlara görə tutduqları komissiyanın məbləği fərqlidir. Əməliyyatın növündən asılı olaraq komissiya faizi dəyişir.
Bank iştirakçılarının bildirdiyinə görə, komissiyasız əməliyyatların həcminin azaldılması kartdan karta köçürmələrin məhdudlaşdırılması ilə bağlıdır. Azərbaycanda hələ də bu şəkildə ödənişlərdən geniş istifadə edilir. Bu, vergidən yayınmaların həcminin artmasına, eləcə də dövriyyənin gizlədilməsinə şərait yaratdığından banklar da xüsusən gündəlik əməliyyatlarda tətbiq etdikləri güzəşt limitinin həcmini azaldır.
Bank sektorunda çalışanların bildirdiyinə görə, banklar kartdan karta pul köçürülməsində yox, ödənişlərin həyata keçirilməsində maraqlıdırlar. Buna görə də gələcəkdə güzəşt limitlərinin bir qədər də azaldılması ehtimalı var.
Fidan Hacızadə
Sfera.az