Güclü yağışlar meyvə-tərəvəzi bahalaşdıra bilər - Ekspert

Güclü yağışlar meyvə-tərəvəzi bahalaşdıra bilər - Ekspert
Kateqoriya məlum deyil
T

Son günlər ölkənin müxtəlif bölgələrində müşahidə edilən güclü və leysan xarakterli yağışlar kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir edir. İntensiv yağıntılar meyvə-tərəvəz istehsalında məhsuldarlığa, həmçinin bazarlarda qiymət dinamikasına müəyyən təsir göstərə bilər. 

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bölgələrdə müşahidə edilən güclü və leysan xarakterli yağışlar meyvə-tərəvəz istehsalına bir sıra mənfi təsirlər göstərə bilər.

 

Onun sözlərinə görə, bu təsirlər həm qısamüddətli, həm də uzunmüddətli xarakter daşıyır:

 

“Yağıntılar nəticəsində ilk növbədə meyvələrin qabığında zədələnmələr yaranır, keyfiyyət aşağı düşür. Torpağın həddən artıq nəmlənməsi isə kök sistemində oksigen çatışmazlığı yaradaraq çürümə prosesini sürətləndirir. Yağışdan sonra havada rütubətin artması kartof, pomidor, üzüm, alma kimi məhsullarda göbələk xəstəliklərinin, xüsusən də mildyu və fitoftorozun yayılmasına səbəb olur. Leysan suları torpaqdakı qida maddələrini yuyaraq məhsuldarlığı azaldır, çökək ərazilərdə isə əkin sahələrinin su altında qalması məhsul itkisinə gətirib çıxarır”. 

 

 

Müsahibimiz yağışlı hava şəraitinin məhsul yığımını çətinləşdirdiyini və məhsulun bazara vaxtında çıxarılmasına mane olduğunu da vurğulayıb:

 

“Nəticədə meyvə və tərəvəzlərin saxlanma müddəti qısalır, keyfiyyət itkisi artır. Əgər intensiv yağıntılar uzun müddət davam edərsə, məhsuldarlığın azalması bazarda qiymət artımına səbəb ola bilər”.

 

Ekspert əlavə edib ki, yağışların müəyyən dərəcədə müsbət tərəfləri də var. O qeyd etdi ki, bu vəziyyətdə torpağın nəmliyi artır və suvarmaya olan ehtiyac azalır. 

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR