Meyvə və tərəvəz yenidən bahalaşacaq – Proqnoz

Meyvə və tərəvəz yenidən bahalaşacaq – Proqnoz
Kateqoriya məlum deyil
T

Payız-qış mövsümünün başlaması ilə bazarlarda meyvə və tərəvəzlərin qiymətində artımın olacağı gözlənilir. Payızın ortalarından etibarən məhsulların bolluğu tədricən azalır, bazarlarda satışa daha az məhsul çıxarılır və bu səbəbdən qiymətlərdə tədricən yüksəlmə baş verir. 

 

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a bildirib ki, qışa doğru meyvə və tərəvəz bazarında qiymət artımı ehtimalı yüksəkdir, lakin bu, bütün bölgələr üçün eyni olmayacaq:

 

"Müəyyən yerlərdə nisbi bolluq və kifayət qədər təchizat saxlana bilər. Yay mövsümündə yerli məhsullar bolluq təşkil edir, məhsuldarlıq yüksək olur və suvarma, günəş, temperatur kimi şərait əlverişlidir. Qışa doğru bu əlverişli şərait azalır və məhsullar daha çox zavodlardan, istixanalardan və idxal yolu ilə təmin olunur ki, bu da əlavə xərclər yaradır.

Quraqlıq, don və qeyri-sabit hava şəraiti məhsul itkisinə və hasilatın azalmasına səbəb ola bilər. Dünyada və regionda belə hallar artdığından risklər yüksəkdir. Qışda yerli məhsul məhdudlaşarsa, idxala daha çox arxalanmaq lazım gəlir və nəqliyyat, gömrük, enerji xərcləri qiymətlərin yüksəlməsinə təsir göstərir. Yanacaq, konteyner və daşımacılıq xərcləri də əlavə təsir yaradır".

 

 

Ekspert qış aylarında sitrus meyvələri və vitamin tərkibli məhsullara tələbin artdığını, bəzən insanların daha bahalı məhsulları almağa meylli olduğunu vurğulayıb:

 

"Bununla belə, əvvəlki illərin ehtiyatları, sahibkarların logistika və saxlanma imkanları, istixana istehsalı bazarda sabitliyə kömək edə bilər.

Qlobal ərzaq qiymətləri hazırda yüksəlməkdədir. FAO-nun indeksi 2025-ci ilin avqust ayında son iki ilin ən yüksək səviyyəsinə çatıb. ABŞ-da meyvə qiymətlərinin azalması proqnozlaşdırılsa da, tərəvəzlərin qiymətinin müəyyən qədər yüksək qalacağı gözlənilir. Azərbaycanda isə “Əsas ərzaq malları” kateqoriyasında qiymətlər yüksək qalır və inflyasiya bazara təsir göstərir".

 

Müsahibimiz əlavə edib ki, qiymət artımı xüsusilə yerli istehsal azaldıqda, transport və enerji xərcləri bahalaşdıqda və idxal olunan məhsullara tələbat artdıqda gözlənilir. 

 

Niyaz Hacıyev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR