Bu baş versə, neft kəskin ucuzlaşacaq - Ekspert

ABŞ Enerji İnformasiya İdarəsi (EİA) qlobal enerji bazarındakı tendensiyaları nəzərə alaraq 2025-ci ilin sonuna qədər neft qiymətlərində ciddi ucuzlaşma proqnozlaşdırıb. Qurumun açıqlamasına görə, “Brent” markalı neftin bir bareli ilin son rübündə 59 dollara, 2026-cı ilin yazında isə 49 dollara qədər enə bilər.
Bəs bu vəziyyət Azərbaycan iqtisadiyyatı üçün hansı nəticələr doğura bilər?
Məsələ ilə bağlı iqtisadi-ekspert Elman Sadıqov Sfera.az-a açıqlama verib.
Ekspertin sözlərinə görə, neftin qiymətinin 60 dolların altına enməsi ilə bağlı proqnozlar yeni deyil:
“Donald Trampın yenidən hakimiyyətə gəlməsi ilə ABŞ-nin iqtisadi siyasətində ciddi dəyişikliklər gözlənilirdi. Onun seçki kampaniyası dövründən bəlli idi ki, tariflərin tətbiqi, iqtisadi siyasətin gücləndirilməsi və inflyasiyaya qarşı mübarizə aparılması enerji qiymətlərinə birbaşa təsir edəcək. Tramp özü açıq şəkildə bildirmişdi ki, inflyasiya təzyiqlərini azaltmaq üçün enerji resurslarının qiymətlərinin enməsi vacibdir və bunun üçün bütün imkanlardan istifadə edəcək”.
İqtisadçı qeyd edir ki, məhz bu yanaşma nəticəsində ABŞ-də əvvəlki administrasiya – Co Bayden dövründə tətbiq olunan bir sıra məhdudiyyətlər aradan qaldırılıb:
“Baydenin dövründə neft hasilatına kvotalar qoyulmuşdu, alternativ enerji layihələrinin inkişafı naminə hasilat məhdudlaşdırılmışdı. Tramp isə bütün bu məhdudiyyətləri ləğv etdi. Həmçinin OPEC+ ölkələrinə də mesaj verdi ki, neftin qiymətlərini süni şəkildə artırmağa çalışmasınlar. Dünyada inflyasiya ilə mübarizə aparıldığı bir vaxtda qiymətlərin aşağı düşməsi onun üçün strateji hədəf idi”.

Mütəxəssis hesab edir ki, hazırda neftin 67 dollar civarında qalmasının əsas səbəbi iqtisadi yox, daha çox geosiyasi amillərdir:
“Hazırkı qiymətlərin nisbətən yüksək saxlanmasının səbəbi müharibələr, geosiyasi risklər və psixoloji amillərdir. Əslində isə bazarda kifayət qədər təklif var. OPEC+ ölkələrinin hasilatı artırması, ABŞ-nin özündə istehsalın yüksəlməsi qiymətlərin enməsinə səbəb olur. Əgər bu proseslərə əlavə olaraq Venesuela, İran və Liviyanın nefti də tam şəkildə bazara daxil olsa, qiymətlərdə daha kəskin enmə müşahidə edilə bilər. Ən real proqnoz odur ki, 2025-ci ilin sonlarında qiymətlər 55-60 dollar arasına enəcək. 2026-cı ildə isə qiymətlərin 50-60 dollar civarında sabitləşəcəyi ehtimal olunur. Təklif kifayət qədərdir, tələbin isə qlobal iqtisadi yavaşlama fonunda sürətlə artacağı gözlənilmir”.
Ekspertin fikrincə, bu vəziyyət Azərbaycan üçün bir sıra risklər yaradır:
“Neftdən asılılıq hələ də yüksəkdir. Qiymətlərin enməsi büdcə xərcləmələrində məhdudiyyətlərə, sosial layihələrin maliyyələşməsində çətinliklərə səbəb ola bilər. Neftin ucuzlaşması təkcə büdcəyə deyil, həm də ölkənin ticarət balansına, biznes mühitinə və neft fondunun gəlirlərinə təsir göstərəcək. Yəni ümumilikdə neftin ucuzlaşması ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək”.
Bəsti Rəfizadə
Sfera.az






