Bakı metrosunda yenilik - Ödəniş fərqli formada olacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, Bakı metrosunda üztanıma ilə ödəniş sisteminin tətbiqi istiqamətində hazırlıqlar davam etdirilir. Bu yenilik sərnişinlərin metrodan daha rahat və sürətli istifadə etməsinə imkan verəcək.
Lakin sual yaranır: bu sistem necə formalaşdırıla bilər və hazırkı şəraitdə tətbiqi çətinlik yaratmayacaq?
Sualımızı cavablandıran informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov Sfera.az-a bildirib ki, üztanıma ilə ödəniş sistemi, yəni “Face Pay” texnologiyası texniki cəhətdən Bakı metrosunda tətbiq oluna biləcək müasir həllərdən biridir, amma bunun üçün bir neçə əsas şərt təmin edilməlidir:

"İlk növbədə infrastruktur hazır olmalıdır. Bu sistemdə stansiyaların girişində yüksək keyfiyyətli, real vaxtda işləyən zəruri avadanlıqlar quraşdırılır. İstifadəçilərin üz biometrikası xüsusi şifrələnmiş bazada qeyd olunur və hər girişdə kamera həmin məlumatla saniyələr içində müqayisə aparır.
Əlbətdəki bu proses üçün güclü internet bağlantısı və yüksək hesablama gücünə malik serverlər vacibdir. Digər yandan məxfilik və təhlükəsizlik məsələsi də çox önəmlidir. Üz biometrikası şəxsi məlumat hesab olunur və bu məlumatların qorunması üçün ciddi hüquqi çərçivə və mühafizə mexanizmi lazımdır. Bu səbəbdən məlumatların yalnız şifrələnmiş formada saxlanması və üçüncü tərəflərlə paylaşılmaması əsas tələblərdəndir".
Mütəxəssisin fikrincə hazırkı şəraitə baxsaq, Bakı metrosu artıq kart və QR ödəniş sistemi ilə işləyir, bu da infrastruktur baxımından müəyyən bazanı göstərir. Onun sözlərinə görə, bununla belə bəzi yeniliklər vacibdir:
"Üztanıma texnologiyası üçün həm hüquqi, həm də texniki səviyyədə əlavə hazırlıqlar tələb olunur. Güclü kamera və server avadanlığı, sabit və sürətli şəbəkə bağlantısı, eləcə də “Şəxsi məlumatların qorunması haqqında” qanuna uyğun mexanizmlər. Əlbətdəki texniki baxımdan bu sistem tətbiq oluna bilər, amma istifadəyə verilməzdən əvvəl təhlükəsizlik, məxfilik və hüquqi tərəflər tam həll edilməli, pilot mərhələdə testlər aparılmalıdır və mərhələli tətbiq edilməlidir".
Niyaz Hacıyev






