Çin Azərbaycan bazarını "ələ keçirir" - Bu, necə baş verir?

Azərbaycana ixracda liderlik Çinin əlinə keçib. Çin artır üçüncü ildir ki, Azərbaycana ən çox mal satan ölkədir.
2025-ci ilin yanvar-iyul aylarına aid olan məlumata əsasən, idxalımızın həcmi 13,61 milyard dollar olub. Bunun 18 faizi, yəni 2,45 milyard dolları Çinə məxsusdur.
Əvvəllər Azərbaycan ən çox malı Rusiyadan alırdısa, son bir neçə ildə Çin Rusiyanı ilk sıradan ikinci sıraya salıb.
Bəs bunun səbəbi nədir?
İqtisadçı-ekspert Günay Hüseynova Sfera.az-a açıqlamasında bildirdi ki, bunun səbəbi həm Çinin dünyada ən böyük ixracatçılardan biri olmasıdır, həm də Azərbaycan–Çin münasibətlərinin son illərdə sürətlə inkişaf etməsidir:

“Məlumdur ki, Çin dünyada ixracda liderlik edən ölkələrdən biridir. Ticari tərəfdaşlarının sayı da hər il artır. Azərbaycan və Çin münasibətləri isə xüsusilə “Bir Kəmər, bir yol” layihəsindən sonra daha da dərinləşdi”.
Onun sözlərinə görə, Çin məhsullarına marağın artmasının əsas səbəbləri çeşid bolluğu, rəqabət qabiliyyətinin yüksək olması və qiymətin əlverişli olmasıdır:
“Bu, Azərbaycan idxalçıları üçün olduqca cazibədar seçimdir. Azərbaycandan isə Çinə əsasən neft məhsulları ixrac olunur ki, bu da xammal kimi istifadə edilir. Çinin böyük əhalisi və innovativ inkişafı məhsulların maya dəyərinə təsir göstərir və bu, qlobal inflyasiya fonunda daha əlverişli mühit yaradır. Çin təcrübəsindən faydalanmaq və yerli sahibkarlara dəstək göstərmək iqtisadi səmərə gətirə bilər.
Neft məhsulları hesabına ticarət saldosu mənfi olmaya bilər, lakin qeyri-neft sektorunun inkişafı da dövlətimiz üçün prioritetdir. Xarici ölkədən idxal hər dəfə ölkədən valyuta axınının çıxması deməkdir. Həmin sistemin ölkədə qurulması işsizliyin azalmasına, yeni iş yerlərinin açılmasına, yerli məhsul istehsalına və qeyri-neft ixracının artmasına səbəb olar. Bu, milli valyutanın dayanıqlılığını qorumaq baxımından da vacib addımdı”.
Bəsti Rəfizadə
Sfera.az






