Səkkiz aparıcı OPEC+ ölkəsi gündəlik neft hasilatını əlavə olaraq 137 min barel artırmaq qərarına gəlib. Qərar rəsmi olaraq qlobal iqtisadiyyatın sabit inkişafı ilə izah olunur. Lakin ekspertlər bu addımın yalnız iqtisadi deyil, həm də siyasi məqamlarla bağlı ola biləcəyini bildirirlər.
Qeyd edək ki, səkkiz aparıcı OPEC+ ölkəsindən 7-si ərəb ölkəsidir. Digər bir ölkə isə Rusiyadır. Rusiya ərəb ölkələrinin hasilatı artırması qərarını nəzərə alaraq oxşar addımı atır.
İqtisadçı-ekspert Günay Hüseynova məsələ ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, neft hasilatının artırılması qərarının həm rəsmi, həm də qeyri-rəsmi tərəfləri mövcuddur:
“Rəsmi səbəblər iqtisadiyyatla bağlıdır. Qlobal miqyasda enerji hasilatının artırılması tələb-təklif balansının qorunması, inflyasiyanın sürətlənməsinin qarşısının alınması və ABŞ dollarının sabitliyinin saxlanması ilə əlaqədardır. Əgər artan tələb qarşısında təklif yetərli olmasa, bazarda qıtlıq yaranacaq və bu, qiymətlərin kəskin artmasına səbəb olacaq. Nəticədə qlobal iqtisadiyyatda mal və xidmətlərin qiyməti yüksələcək, yüksək inflyasiya baş verəcək”.
Ekspertin sözlərinə görə, ABŞ bu prosesdə mühüm rol oynayır:
“Vaşinqton öz iqtisadiyyatını qorumaq və dolların zəifləməsinin qarşısını almaq məqsədilə ərəb ölkələrinə təzyiq göstərir. Xüsusən də hasilatın artırılması istiqamətində həmin ölkələrlə əməkdaşlıq edilir. Əgər hasilat artırılmasa, Avropa ölkələri Rusiya bazarına yönələcək və bu da Moskvanın iqtisadi qazanclarını artıracaq. Hasilatın artırılması Rusiyanın enerji bazarında daha çox pay qazanmasının qarşısını almağa xidmət edir”.
İqtisadçının fikrincə, OPEC+ ölkələrinin son qərarı həm qlobal iqtisadi tarazlığın qorunmasına, həm də siyasi güc balansının tənzimlənməsinə yönəlib.
Bəsti Rəfizadə
Sfera.az