Brent və WTI kimi əsas neft markalarının bir barelə görə qiymətləri düşməkdədir. Belə ki, "ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin noyabr müqaviləsinin dəyəri 0,65% azalaraq 1 barelə görə 67,16 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun "NYMEX" əmtəə birjasında bu ilin oktyabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,7% azalaraq 63,52 ABŞ dollarına bərabər olub. Qiymətlərin ucuzlaşması bazarda təklifin artması və tələbin zəifləməsi ilə əlaqələndirilir.
Qiymətlərin düşməsi qısa müddətlidir, yoxsa davamlı ola bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, hazırda dünyada yaşıl və alternativ enerjinin istehasalı və tələbatı artıqca neft qiymətlərinin aşağı düşməsi müşahidə olunur.
Onun sözlərinə görə, bu gün dünyada kifayət qədər neft istehsalı artıb, bundan əlavə, neftə olan tələbatda da azalma var.
Ekspert qeyd edib ki, neft bazarına yeni oyunçuların daxil olması da vəziyyəti dəyişib:
“Suriyada müharibə bitəndən sonra neft bazarına daxil olması və Rusiyanın sanksiyalardan sonra Çinə daha ucuz satması neft qiymətlərinin düşməsinə səbəb olur. Gələcəkdə neftin qiymətinin sabit qalması üçün müəyyən iqtisadi inkişafa ehtiyac var. Dünyada iqtisadi artım kifayət qədər deyil”.
Mütəxəssis nəzərə çatdırıb ki, hazırkı vəziyyət bir müddət davam edə bilər.
Firuzə Əliyeva
Sfera.az