Dünyada qızılın qiyməti rekord dərəcədə bahalaşıb. Son məlumata əsasən, qızılın bir troya unsiyasının qiyməti 0,56% artaraq 3 566 dollara yüksəlib.
Bu tendensiya həm qlobal maliyyə bazarlarına, həm də zərgərlik sektoruna təsirlərə səbəb olur.
İqtisadçı-ekspert Xalid Kərimli məsələ ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, qızılın bahalaşması zərgərlik məhsullarının da qiymətinin artmasına səbəb olacaq:
“Qızılın bahalaşması zərgərlik məhsullarının qiymətinin də bahalaşması deməkdir. Mağazalarda satılan bər-bəzək əşyalarının qiymətləri bu prosesdən təsirlənəcək. Qiymətlərin artmasının çox səbəbi olsa da, son bahalaşmanın əsas amili Amerika Mərkəzi Bankının sentyabr iclasında faiz dərəcələrini aşağı salacağına dair gözləntilərlə bağlıdır. Dollar ucuzlaşanda qızılın qiyməti də qalxır, çünki qiymətlər dollarla ifadə olunur”.
Ekspertin sözlərinə görə, dünya bazarındakı qeyri-müəyyənliklər də qızılın bahalaşmasını şərtləndirir:
“Mərkəzi banklar, o cümlədən Azərbaycan Neft Fondu ehtiyatlarının bir hissəsini qızıla çevirir. Bu, qeyri-müəyyənliklərə qarşı sığorta kimi qəbul olunur. Yəni qızıl hər zaman etibarlı sərmayə aləti hesab edilir. Hazırda mərkəzi banklar dünyada qeyri-müəyyənliklərin davam edəcəyini düşündükləri üçün qızıl alırlar”.
ABŞ dollarının zəifləməsinə gəlincə, Xalid Kərimli bunun səbəbini də açıqlayıb:
“Amerika Mərkəzi Bankının inflyasiyanın aşağı düşməsi ilə paralel olaraq faiz dərəcələrini endirəcəyi gözlənilir. Hazırda ehtimal 90 faizdir ki, sentyabrda faiz dərəcəsi 0,25% aşağı salınacaq. Bu gözlənti isə xüsusilə də Mərkəzi Bankın “Jackson Hole Economic Symposium”da çıxışından sonra daha da güclənib”.
Bəsti Rəfizadə
Sfera.az