Gəlir azalır, kredit çoxalır - SƏBƏB NƏDİR?

Əhalinin istehlak kreditləri üzrə borcunun artım tempi əhalinin gəlirlərinin artım tempini üstələyir. Bu isə onu göstərir ki, insanlar gəlirlərinə nisbətən daha sürətlə kreditlər hesabına xərcləmələrini artırırlar. Başqa sözlə, əhali gündəlik tələbatını ödəmək və həyat səviyyəsini qorumaq üçün daha çox istehlak kreditlərinə müraciət edir.
Bu nə ilə bağlıdır və y hər hansı risk yaradırmı?
Sfera.az-a məsələ ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli banklar üçün istehlak kreditlərinin əlverişli olduğunu bildirib.

Onun sözlərinə görə, bu cür kreditlər həm qısa müddətə verilir, həm də yüksək faiz dərəcəsinə malikdir:
“Təəssüf ki, əhalinin gəlirləri sürətlə artmır. İnflyasiya insanların real qazancını azaldır. Nominal göstəricilərdə müəyyən yüksəliş olsa da, faktiki gəlir artımı müşahidə olunmur. Bunun nəticəsində vətəndaşlar gündəlik ehtiyaclarını qarşılamaq üçün daha çox istehlak kreditinə üz tuturlar. Kredit portfelinin genişlənməsi isə bəzən insanların bir neçə bankdan borclanmasına səbəb olur ki, bu da problemli kreditlərin sayının çoxalmasına gətirib çıxarır”.
Qeyd edək ki, 2025-ci il avqustun 1-nə olan məlumata görə, problemli kreditlərin məbləği 529,4 milyon manat təşkil edib. Bu, ilin əvvəlinə nisbətən 17,9 faiz və ya 80,3 milyon manat çoxdur. Son bir ildə isə artım 16,7 faiz - 75,7 milyon manat olub. 2023-cü illə müqayisədə kreditlərdə 3 faizdən çox yüksəlmə var.
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal gəlirləri isə 50 milyard 514.1 milyon manat təşkil edib.
Ekspertlər bildirir ki, vətəndaşın borc ödənişi onun gəlirinin 45 faizindən çox olmamalıdır.
Fidan Hacızadə
Sfera.az






