Ağdama qatar yolunun bərpası sadəcə bir nəqliyyat hadisəsi deyil -Göydəniz Qəhrəmanov

"Bu gün tarixi bir hadisənin şahidi olduq. Bakı–Ağdam–Bakı sərnişin qatarı 32 ildən sonra fəaliyyətə başladı".
Sfera.az xəbər verir ki, bu sözləri millət vəkili Göydəniz Qəhrəmanov bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı uğurla davam edir, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri sürətlə aparılır, yeni infrastruktur layihələri ardıcıl şəkildə istifadəyə verilir.
Onun fikrincə, Ağdama qatar marşrutunun bərpası yalnız bir nəqliyyat hadisəsi deyil. Bu, dövlətimizin gücünün, xalqımızın iradəsinin və həyata keçirilən qətiyyətli siyasətin bariz nümunəsidir:
"Qatarın hərəkətə başlaması Ağdamın inkişaf prosesinə daha sıx inteqrasiyasına mühüm töhfə verəcək. Eyni zamanda, bu marşrut bölgəyə turist axınının artmasına, Qarabağın zəngin tarixi və mədəni irsinin daha geniş tanıdılmasına şərait yaradacaq. Dəmir yolunun açılması həm yerli, həm də xarici qonaqların Ağdama rahat səyahətinə imkan verəcək və regionun turizm potensialının reallaşmasına yeni imkanlar açacaq".
Bəsti Rəfizadə
Sfera.az








