Kağız bilet dövrü bitir - Aviaşirkətdən mühüm dəyişiklik

Avropanın aparıcı aviaşirkətlərindən olan İrlandiyanın “Ryanair” şirkəti bilet satışı ilə bağlı qaydalarda mühüm dəyişiklik edib. Şirkət açıqlayıb ki, 2025-ci ilin noyabrın 3-dən etibarən kağız biletlər etibarsız sayılacaq və bütün uçuşlarda yalnız rəqəmsal biletlərdən istifadə olunacaq.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “Ryanair”in baş direktoru bildirib ki, sərnişinlərin təxminən 85–90 faizi artıq mobil telefon vasitəsilə uçuşa qeydiyyatdan keçir.
Yeni sistemin məqsədi bütün sərnişinləri rəqəmsal mühitə daxil etməkdir.
Şirkət qeyd edib ki, bu addım nəticəsində hər il təxminən 300 ton kağıza qənaət olunacaq, ekoloji təsir azalacaq və uçuş sənədlərinə “myRyanair” tətbiqi vasitəsilə asan çıxış mümkün olacaq. Tətbiq həmçinin uçuş gecikmələri və ya ləğvləri barədə sərnişinlərə ani bildirişlər göndərəcək.
Telefonun itməsi və ya sıradan çıxması kimi hallarda sərnişinlərin çətinlik çəkməyəcəyi açıqlanıb. Onlayn qeydiyyatdan keçən sərnişinlər hava limanında pulsuz kağız biletlər ala biləcəklər.
Bununla yanaşı, bəzi ölkələrdə hələ də kağız biletlər tələb olunduğundan, həmin uçuşlarda köhnə qayda qüvvədə qalacaq. Mart ayından etibarən Albaniya da rəqəmsal sistemə keçəcək.
Şirkət həmçinin bildirib ki, onlayn qeydiyyat etməyib birbaşa hava limanında qeydiyyat seçən sərnişinlərdən 55 funt sterlinqədək əlavə ödəniş tələb olunacaq.
Bəsti Rəfizadə
Sfera.az






