Azərbaycanla Çinin turizm əlaqələri genişlənəcək - Göydəniz Qəhrəmanov

Avqustun 27-də ölkəmizdə turizm sahəsində mühüm addımlardan biri – “China Ready” proqramının təqdimatı baş tutdu. Dövlət Turizm Agentliyinin dəstəyi ilə bu təşəbbüs Azərbaycanı çinli turistlərin üstünlük verəcəyi istiqamətə çevirməklə yanaşı, turizm sənayesinin çinli qonaqları yüksək səviyyədə qəbul etməyə və onlara keyfiyyətli xidmət göstərməyə hazır olmasına xidmət edir.
Sfera.az xəbər verir ki, keçirilən tədbirlə bağlı fikirlərini bölüşən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri, Milli Məclisinin deputatı Göydəniz Qəhrəmanov Prezident İlham Əliyevin bu ilin aprelində Çinə dövlət səfəri nəticəsində ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu qeyd edib.
Millət vəkili deyib ki, Azərbaycan və Çin arasında vizadan azadolma barədə sazişin qüvvəyə minməsi turizm axınının artmasına, mədəni, humanitar və iqtisadi əməkdaşlığın genişlənməsinə böyük imkanlar açır:
"Əlamətdar haldır ki, son illərdə Çin bazarı Azərbaycan üçün strateji və prioritet istiqamətlərdən birinə çevrilib. 2024-cü ildə ölkəmizə gələn Çin turistlərinin sayında 93% artım qeydə alınması bu əməkdaşlığın real nəticəsidir. Yaxın gələcəkdə Çin bazarında Azərbaycan Turizm Bürosunun daimi nümayəndəliyinin fəaliyyətə başlaması isə bu dinamikanı daha da gücləndirəcək.
Azərbaycan turizminin inkişafı dövlətimizin iqtisadiyyatının şaxələnməsinə, regionlarımızın daha geniş tanıdılmasına, yeni iş yerlərinin açılmasına və beynəlxalq əlaqələrin möhkəmlənməsinə xidmət edir. Turizm sadəcə iqtisadi sahə deyil, həm də xalqlar arasında mədəni körpü rolunu oynayır. Çinlə bu istiqamətdə əməkdaşlığın dərinləşməsi isə hər iki xalqın bir-birini daha yaxından tanımasına və dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək.
Mən əminəm ki, “China Ready” proqramı Azərbaycanın turizm brendini beynəlxalq səviyyədə daha da gücləndirəcək və ölkəmizi Şərq ilə Qərb arasında turizm mərkəzinə çevirəcək".










