Bu il inflyasiya yenidən güclənib - Səbəblər nədir?

Bu il Azərbaycanda inflyasiyanın əvvəlki proqnozlardan daha yüksək olacağı gözlənilir. Əvvəlcə 4-4,2 faiz səviyyəsində dəyərləndirilən inflyasiya göstəricisinin 5 faizi yüksələcəyi təxmin edilir.
Bəs qiymət artımlarını gücləndirən səbəblər hansılardır?
Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli qiymət artımlarına təsir edən əsas amilləri açıqlayıb. Onun sözlərinə görə, bir neçə faktor inflyasiyanın yüksəlməsinə səbəb olur:

“Qiymətlərin daha da artmasının səbəbi, ilk növbədə, yanvar ayından kommunal xidmətlərin bahalaşmasıdır. İşıq və qazın qiymətini hökumət artırdı, Tarif Şurasının qərarları da bu prosesə təsir etdi”.
Ekspert ikinci əsas amil kimi dolların ucuzlaşmasını göstərdi:
“Bu ilin əvvəlindən etibarən dollar digər valyutalar qarşısında dəyər itirdi. Avro qarşısında təxminən 12-13 faiz ucuzlaşma müşahidə olundu. Bu isə Azərbaycana gələn idxal mallarının bahalaşmasına səbəb oldu. Çünki qeyri-dollar valyutaları ilə aparılan alışlar daha baha başa gəlir. Manatın effektiv məzənnəsinin ucuzlaşması da inflyasiyaya birbaşa təsir göstərdi. Mərkəzi Bankın məlumatlarına görə, hazırda ölkədə inflyasiyanı izah edən faktorların 60-70 faizi idxalla bağlıdır. Burada həm valyuta məzənnəsinin ucuzlaşması, həm də xaricdən aldığımız malların qiymətlərinin bahalaşması mühüm rol oynayır”.
Bəsti Rəfizadə
Sfera.az






