"Qadın sürücülər qaydalara daha ciddi riayət edir" - Ekspert

"Qadın sürücülər qaydalara daha ciddi riayət edir" - Ekspert
Kateqoriya məlum deyil
T

Azərbaycanda ictimai nəqliyyatda qadın sürücülərin sayını artırmaq məqsədilə yeni təlim proqramına start verilib. 


Maraqlıdır, qadın avtobus sürücülərinə ehtiyac nə üçün yaranıb?


Bu barədə Sfera.az-a açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucovun sözlərinə görə, layihə həm nəqliyyat sektorunda kadr potensialının genişlənməsinə, həm də qadınların iqtisadi fəallığının artmasına mühüm töhfə verəcək.

 

 

Tural Orucov bildirib ki, AYNA-nın bu təşəbbüsü qadınların nəqliyyat sahəsində rolunu gücləndirməklə yanaşı, ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsinə və sərnişinlərin rahatlığının təmin olunmasına yönəlib:


“Qadın sürücülərin sayının artması sərnişinlərlə münasibətdə etik davranış mədəniyyətini gücləndirəcək, xidmətin keyfiyyətini yüksəldəcək. Bu, həm də qadınların əmək bazarına çıxış imkanlarını artırmaq baxımından mühüm addımdır”.

 

Onun sözlərinə görə, proqram çərçivəsində qadın iştirakçılar avtobus idarəetmə bacarıqlarına yiyələnəcək, təhlükəsizlik qaydaları, yol hərəkəti qanunvericiliyi, sərnişinlərlə ünsiyyət və stres idarəetməsi kimi mövzularda təlimlərdən keçəcəklər.

 

Nəqliyyat eksperti Aslan Əsədov isə qeyd edib ki, Bakıda və Azərbaycanın digər şəhərlərində qadın sürücülərin fəaliyyəti yeni hadisə deyil. Onun sözlərinə görə, illər əvvəl tramvay və trolleybus nəqliyyatında xanım sürücülər uğurla çalışıb, peşəkarlığına görə mükafatlandırılıblar:

 


“Bakıda vaxtilə xanım sürücülər tramvay və trolleybuslarda çalışırdı. Onların işinə yüksək qiymət verilirdi. İndi avtobus nəqliyyatında bu ənənənin bərpası həm şəhər infrastrukturuna, həm də ictimai nəqliyyatın ümumi mənzərəsinə müsbət təsir edəcək”. 

 

Ekspert əlavə edib ki, qadın sürücülər qaydalara və qanunlara daha ciddi riayət edir, sərnişinlərlə nəzakətli ünsiyyət qurur:


“Qadınların bu sahədə üstünlüyü ondadır ki, onlar emosional gərginliklərə daha az meyllidir və konfliktlərin qarşısını almaqda daha uğurludurlar. Bu, ictimai nəqliyyatda müsbət bir atmosferin formalaşmasına səbəb olacaq”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR