“Gürcüstana ciddi təsiri olmayacaq” – Ekspert Zəngəzur dəhlizi haqqında

Zəngəzur dəhlizinin açılacağının dəqiqləşməsi Gürcüstanı narahat etməyə başlayıb. Gürcüstanı narahat edən əsas məsələ ondan ibarətdir ki, dəhlizdə infrastrukturun işə düşməsi ilə Gürcüstan üzərindən keçən yüklərin həcmində azalma baş verəcək.
Bəs həqiqətənmi, Zəngəzur dəhlizinin işə düşməsi Gürcüstanın yükdaşımalardan gəlirinə mənfi təsir göstərəcək?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, dəhlizin nə vaxt işə düşəcəyi hələ dəqiq bilinmir.
Onun sözlərinə görə, Azərbaycan öz ərazisindəki hissədə işləri sürətlə aparır və ölkə prezidenti də qeyd edib ki, təxminən 6 aya işləri tamamlamaq mümkündür. Lakin Ermənistan tərəfində görüləcək işlərin həcmi daha böyükdür və nə qədər vaxt aparacağı bəlli deyil.
Ekspert xatırladıb ki, Azərbaycan 2021-ci ildən bu istiqamətdə – Zəngilan tərəfdə dəmir yolu, avtomobil yolu və digər infrastruktur layihələrinin icrasına başlayıb.

İqtisadçı qeyd edib ki, dəhliz istifadəyə verildikdən sonra Gürcüstan üzərindən keçən ticarət axınlarına müəyyən təsir göstərə bilər:
“Məsələn, əgər əvvəllər 5 vahid yükün hamısı Gürcüstandan keçirdisə, dəhliz açıldıqdan sonra bunun 3-ü Zəngəzur dəhlizindən, 2-si isə Gürcüstandan keçə bilər. Bununla yanaşı, yeni yük axınları da yarana bilər. Buna görə də mən Gürcüstana ciddi mənfi təsir olacağını düşünmürəm. Əksinə, bu əməkdaşlıq imkanlarını genişləndirə bilər”.
Ekspertin sözlərinə görə, Zəngəzur dəhlizi işə düşdükdən sonra həm Azərbaycan, həm də Bakı–Tbilisi–Qars dəmir yolu xətti və Gürcüstan üzərindən daşınan yüklər üçün müsbət nəticələr əldə edilə bilər.
Onun fikrincə, dəhlizin açılması aşağıdakı iqtisadi üstünlüklər yaradacaq:
• Sahibkarlar üçün yeni alqı-satqı imkanları;
• Alternativ yükdaşıma marşrutlarının formalaşması;
• İxrac imkanlarının genişlənməsi;
• Naxçıvana maneəsiz dəmir yolu və avtomobil yolu keçidinin təmin edilməsi;
• Enerji dəhlizinin formalaşması;
• Naxçıvanın iqtisadi inkişafına təkan;
• Ümumi ticarət həcminin artması;
• Tranzit gəlirlərinin çoxalması;
• Logistika imkanlarının daha səmərəli istifadəsi;
• Yeni iş yerlərinin açılması;
• İqtisadi əlaqələrin möhkəmlənməsi.
“Təsirlər kompleks xarakter daşıyır. Əgər mərhələli şəkildə həyata keçirilsə, nəticələr çox uğurlu olacaq”, – deyə Xalid Kərimli vurğulayıb.
Bəsti Rəfizadə
Sfera.az






