Neft ucuzlaşacaq? - AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp bildirib ki, neftin qiymətinin barrelə əlavə olaraq 10 dollar düşməsi Rusiyanın iqtisadi təzyiq altında qalmasına və müharibəni dayandırmaq məcburiyyətində qalmasına səbəb ola bilər.
Trampın bu açıqlaması neftin ucuzlaşmasının xəbərçisidirmi?
Sfera.az-a bu barədə açıqlama verən iqtisadçı Natiq Cəfərli neftin qiymətinin enməsinin Rusiya iqtisadiyyatına ciddi zərbə vurduğunu və artıq təsirlərini göstərdiyini bildirib.
O qeyd edib ki, bu, təbiidir, çünki Rusiya iqtisadiyyatı neft gəlirlərindən həddindən artıq asılıdır:
“ABŞ isə neftin qiymətini aşağı salmaq üçün kifayət qədər təsir mexanizmlərinə malikdir.
Məsələn, ABŞ dünyanın ən böyük neft ehtiyatlarına sahib ölkələrdən biridir və həmin ehtiyatların bir hissəsini bazara çıxara bilər. Hətta gündəlik 2-3 milyon barrel nefti ehtiyatlardan hətta həftəlik bazara buraxmaqla qiymətlərin enməsinə nail ola bilər”.
İqtisadçı əlavə edib ki, bundan başqa, ABŞ Səudiyyə Ərəbistanına təsir edərək hasilatın artırılmasına şərait yarada bilər:
“Necə ki, əvvəllər də bu təsir özünü göstərib və sentyabr ayından hasilatın artırılması planlaşdırılır. Beləliklə, Tramp və ABŞ hasilatı yüksəltmək və bazara əlavə neft çıxarmaq yolu ilə qiymətləri aşağı salmaq imkanına sahibdir".
Fidan Hacızadə
Sfera.az