Azərbaycanda "yaşıl kredit"lərin məbləği açıqlanıb

Azərbaycanda yaşıl kreditlərin həcmi 330 milyon manatı ötüb.
Sfera.az APA-ya istinadən xəbər verir ki, 2024-cü il noyabrın 11-dən 2025-ci il iyunun 30-dək olan dövr ərzində Azərbaycanda ümumilikdə 12 762 yaşıl maliyyə krediti verilib. Bu kreditlərin ümumi həcmi 330,24 milyon manat təşkil edib.
Verilmiş yaşıl kreditlərin əlavə dəyər baxımından ən böyük hissəsi, yəni 134,01 milyon manat yaşıl nəqliyyat sahəsinə yönəldilib. Bu istiqamətdə 287 kredit üzrə maliyyə dəstəyi göstərilib.
İkinci yerdə dayanıqlı kənd təsərrüfatı, heyvandarlıq və akvakultura sahəsi qərarlaşıb – bu sahədə 12 285 kredit verilib və ümumi həcmi 91,05 milyon manat təşkil edib.
Üçüncü yerdə enerji səmərəliliyi sahəsi gəlir – 89 kredit müqabilində 37,51 milyon manat ayrılıb. Bundan əlavə, bərpaolunan enerji üzrə verilmiş 5 kreditin ümumi həcmi 18,64 milyon manat olub.
Digər diqqətçəkən sahələr arasında su resurslarının dayanıqlı idarə edilməsi (14,60 mln. manat), dairəvi iqtisadiyyat və tullantıların idarə olunması (14,70 mln. manat) və biomüxtəlifliyin mühafizəsi (1,25 mln. manat) yer alıb.
Hesabata əsasən, ümumi kredit portfelində yaşıl olmayan, dayanıqlılıqla əlaqəli kreditlərin həcmi cəmi 0,09 milyon manat, ölkə daxilində yaşıl istiqrazlara və digər sahələrə isə 18,18 milyon manat yönəldilib.