Bakıda ortaaylıq əməkhaqqı artıb - Kim daha çox qazanır?

Bakıda ortaaylıq əməkhaqqı artıb - Kim daha çox qazanır?

Paytaxt Bakıda ortaaylıq əməkhaqqı artıb. Belə ki, bu ilin yanvar-aprel aylarında paytaxtda muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqı 1 385.9 manat təşkil edib. Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, paytaxtda ortaaylıq əməkhaqqı 2024-cü ilin yanvar-aprel aylarına nisbətdə 8.1 faiz artıb. Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda muzdlu işçilərin ortaaylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9.2 faiz artaraq 1 100.6 manat təşkil edib.

 

Ortaaylıq əməkhaqqının artımı daha çox hansı sahələrdə hiss olunur? Az maaş olan sahələrdə də ortaaylıq əməkhaqqının artımından sonra artım meylləri müşahidə edilə bilər?

 

Sfera.az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

 

Özəl sektor öndədir

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, ortaaylıq əməkhaqqında olan artım daha çox özəl sektora aid sahələrdə müşahidə edilir: "Bu, birbaşa ölkə üzrə muzdlu işçilərin əməkhaqlarındakı artımlarla bağlıdır. Sosial paketin dərinləşməsi bütövlükdə ölkə üzrə ortaaylıq əməkhaqqı məbləğinə təsir göstərir ki, bu da artımlarla müşahidə olunmaqdadır. Son illərin statistikası göstərir ki, özəl sektorda əməkhaqqı artımı daha yüksəkdir. Bu, neft və maliyyə sektorunda daha çox müşahidə edilir. Nəzərə alaq ki, neft sektorunda hər zaman maaşlar yüksək olaraq qalmaqdadır. Eyni zamanda xidmət sektorunda da əməkhaqqının artırıldığını görürük. İxtisaslı kadrların maaşlarında da son illər xeyli artımlar müşahidə olunur".

 

Fərqli illərdə fərqli rəqəmlər

 

Deputatın qənaətincə, dövlət və özəl sektor arasında da əməkhaqqı artımlarında fərq nəzərə çarpır. Məsələn, 2024-cü ildə dövlət qulluqçularının əməkhaqqı iki faiz artıb. Amma ölkə üzrə ümumi əməkhaqqı 8.1 faiz artıb: "Bu da ondan xəbər verir ki, ölkəmizdə ortaaylıq əməkhaqlarının yüksəlməsində özəl sektorun xüsusi rolu mövcuddur. Təbii ki, dövlət sektorunda da əməkhaqlarının mütəmadi olaraq artdığını müşahidə edirik. Xüsusən də sosial paketlər reallaşan zaman dövlət sektorunda çalışan vətəndaşlarımızın əməkhaqqında daha çox artımlar baş verir. Fərqli illərdə fərqli rəqəmlər mövcuddur. Amma ümumilikdə artıq özəl sektorun, xüsusən də əmək müqavilələrində, həmçinin məşğulluqda idarəçiyə çevrildiyini görürük".

 

Kişilər daha çox qazanır

 

V.Bayramovun fikrincə, kişilər və qadınlar arasında əməkhaqqı fərqi hələ də qalmaqdadır: "Bu gün qadınlar kişilərin əməkhaqqının təxminən altmış faizi həcmində məvacib alırlar. Səbəblərdən biri ağır işlərdə kişilərin fəaliyyət göstərməsidir. Bu kimi fəaliyyətlərdə ağırlıq daha çox kişilərin üzərinə düşdüyündən onların əməkhaqqı qadınlara nisbətən yüksəkdir. Məsələn, neft sektorunu qeyd edə bilərik. Orada daha çox kişilər çalışır. Bu da özü-özlüyündə əməkhaqqı fonduna təsir göstərir. Amma kişilər və qadınlar arasında əməkhaqqı fərqinin azaldılması prioritet olaraq qalmaqdadır".

 

Dövlətin müdaxilə imkanı minimumdur

 

Millət vəkili bildirib ki, beşinci sosial paketin istiqamətlərindən biri minimum əməkhaqqının artırılması idi: "Onun artırılması həm dövlət, həm də özəl sektoru əhatə etdi. Bu da nisbətən az əməkhaqqı alan vətəndaşlar üçün bir stimuldur. Özəl sektor da minimum əməkhaqqı ilə bağlı tələblərə əməl edir. Amma dövlətin özəl sektorla bağlı müəyyənləşdirdiyi meyar sadəcə minimum əməkhaqqıdır. Yəni qanunvericilikdə əməyin minimum dəyəri müəyyən edilir. Minimum əməkhaqqından artıq hansı məbləğdə maaşın təklif olunması birbaşa özəl sektorda işəgötürən və işçi arasında bağlanan müqavilə ilə tənzimlənir".

 

"Dövlət sektoru özəl sektordan heç də geriyə qalmır"

 

Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov isə düşünür ki, artımlar təkcə özəl sektorda deyil, həmçinin dövlət sektorunda da müşahidə edilir: "Maaş artımı daha çox neft-qaz, maliyyə, mühəndislik kimi sahələrdə müşahidə edilir. Dövlət sektoru və özəl sektor arasında maaş artımı baxımından fərqlər bu şəkildədir. Bir neçə il öncə dövlət sektorunda özəl sektora nisbətən maaşlar ciddi şəkildə aşağı idi. Son bir neçə ildə ölkəmizdə bu sahədə islahatlar aparılıb. Həmin islahatların nəticəsidir ki, hazırda dövlət sektorunda da maaşlar özəl sektordan heç də geriyə qalmır".

 

N.Xəlilovun sözlərinə görə, maaş artımı zamanı kişilərin üstün tutulub, qadınların daha az əməkhaqqı alması qadağandır: "Sırf cinsə görə maaş artımı ola bilməz. Amma işçilər arasında peşəkarlıq xüsusiyyətləri fərqlidirsə, bu zaman maaşlar fərqli ola bilir".

 

"İş saatı çox, maaş isə azdır"

 

Ekspertin fikrincə, az əməkhaqqı olan sahələrdə də ortaaylıq əməkhaqqının artımından sonra artım müşahidə edilə bilər: "Nəzərə alaq ki, böyük supermarketlər və digər bu kimi iş yerlərində maaş artımları aşağıdır. Kiçik sahibkarlıq subyektlərində çalışanların iş saatları müəyyən qədər çox, əməkhaqları isə azdır. Ümid edək ki, gələcəkdə maaş artımları nə vaxtsa bu sahələrə də ciddi şəkildə təsir göstərəcək".

 

 


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...