Gömrükdə Qaydalar Dəyişdi: Kimlərə şamil olunacaq?

Azərbaycan Prezidenti Gömrük Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Bu dəyişikliklər əsasən borcun ödənilməsi ilə bağlı məsul şəxslərin dəqiq müəyyən olunması məqsədini daşıyır.
Sfera.az xəbər verir ki, iqtisadçı millət vəkili Vüqar Bayramov dəyişikliklərin məğzini belə izah edib:
"Yeni dəyişikliklərə əsasən, gömrük ödənişlərini ödəmək öhdəliyi malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçiyə aiddir. Əvvəllər gömrük borcu “istənilən maraqlı şəxs” tərəfindən ödənilə bilirdi ki, bu da hüquqi baxımdan qeyri-müəyyənlik yaradırdı. Beynəlxalq təcrübədə isə bu məsuliyyət “məsul olan istənilən şəxs” kimi daha dəqiq şəkildə ifadə olunur".
V.Bayramov qeyd etdi ki, yeni dəyişikliklərlə artıq gömrük borcu yalnız borclu şəxs tərəfindən, və ya Gömrük Məcəlləsində nəzərdə tutulan üsullarla (girov, bank zəmanəti, gömrük orqanının depozit hesabına ödəniş, sığorta müqaviləsi, üçüncü şəxsin zaminliyi, avans ödənişləri və s.) təminat vermiş şəxslər tərəfindən ödənilə bilər. Deputat söylədi ki, bu dəyişikliklər sayəsində gömrük orqanları tərəfindən hesablanan gömrük ödənişləri, dəbbə pulu və faizlərin yalnız borclu şəxslər tərəfindən ödənilməsi hüquqi cəhətdən rəsmiləşdirilir, gömrük və vergi qanunvericiliyinə riayət olunması gücləndirilir.
Qaydalar kimlərə aiddir?
Millət vəkili V.Bayramovun sözlərinə görə bütövlükdə, yeni dəyişikliklərlə başqasının gömrük borcunu ödəmək mümkün olmayacaq:
"Bu qaydalar sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə şamil olunacaq. Digər şəxslərlə bağlı ödəniş qaydaları əvvəlki kimi saxlanılır".
Firuzə
Sfera.az