Yay fəslində istehlakçı hüquqları daha çox pozulur

Yay aylarında məhsul və xidmətlərə olan tələbatın artması fonunda istehlakçı hüquqlarının pozulması hallarında da ciddi artım müşahidə olunur. Ən çox pozuntular ərzaq məhsulları, ictimai iaşə obyektləri, turizm və nəqliyyat xidmətləri sahəsində qeydə alınır. Mütəxəssislər bildirirlər ki, bu dövrdə vətəndaşlardan daxil olan şikayətlərin əsasını keyfiyyətsiz xidmət, qiymət manipulyasiyası, açıq havada və düzgün saxlanılmayan məhsulların satışı təşkil edir.
Sfera.az bildirir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumata görə, xüsusilə süd məhsulları, dondurma, ət və şirniyyatlar kimi tez xarab olan qida məhsullarının soyuducu şərait olmadan satılması ciddi təhlükə yaradır.
Həmçinin açıq havada, günəşin altında saxlanılan məhsulların gigiyenik tələblərə uyğun olmaması da istehlakçıların sağlamlığını riskə atır.
Bundan əlavə yay aylarında endirim kampaniyaları adı ilə aparılan marketinq fəndləri də istehlakçının hüquqlarını pozur. Satıcılar məhsulun əvvəlki qiymətini süni şəkildə artıraraq guya böyük endirimlər etdiklərini bildirirlər. Turizm sektorunda isə vətəndaşlar əvvəlcədən razılaşdırılmış şəraitin olmaması, xidmət keyfiyyətinin aşağı səviyyədə olması, ödənişin geri qaytarılmaması kimi hallarla üzləşirlər.
Nəqliyyat sahəsində də pozuntular az deyil. Xüsusilə turistik bölgələrə daşımaları həyata keçirən sürücülər qanunsuz şəkildə bilet qiymətlərini artırır və əlavə ödənişlər tələb edirlər.
Ekspertlər yay mövsümündə istehlakçıları daha diqqətli olmağa çağırır. Onlar məhsul alarkən mütləq şəkildə istehsal və son istifadə tarixlərini yoxlamağı, açıq havada və ya uyğun olmayan şəraitdə satılan mallardan uzaq durmağı tövsiyə edirlər. Hər hansı pozuntu ilə qarşılaşdıqda isə vətəndaşlar aidiyyəti qurumlara – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və ya Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər.
Firuzə Əliyeva
Sfera.az