Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” (CEPA) iki ölkənin strateji əlaqələrində mühüm mərhələdir.
Sfera.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"İqtisadi əməkdaşlığın daha da gücləndirilməsi və ticarətin liberallaşdırılmasını ehtiva edən bu sazişin imzalanması gələcək çağrışlara cavab verən dayanıqlı, biliyə və innovasiyaya əsaslanan iqtisadiyyatın inkişafı üçün mühüm baza yaradır. Sənəd ölkələrimiz arasında sərmayələrin artırılması, sənaye, ticarət, kənd təsərrüfatı, bərpa olunan enerji, maliyyə, turizm, logistika, tikinti və digər sahələrin inkişafında yeni imkanlar açacaq, biznes dairələrinin əməkdaşlığını daha da genişləndirəcək", - deyə o qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin (@azpresident) Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri çərçivəsində Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan (@MohamedBinZayed) ilə keçirilən görüş zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri… pic.twitter.com/TtZ7BKjU0H
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 10, 2025