Azərbaycan nefti ucuzlaşdı: Nələr gözlənilir?

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,96 ABŞ dolları, yaxud 9,94 % azalaraq 72,12 ABŞ dolları təşkil edib. Ümumiyyətlə, son vaxtlar neft qiymətlərində kəsin eniş-çıxışlar müşahidə olunur.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Maraqlıdır, neftin qiyməti nə qədər enməsi gözlənilir və bunun nə kimi nəticələri ola bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, neftin qiymətini proqnozlaşdırmaq çox çətindir.
Onun sözlərinə görə, bu, iqtisadiyyatdan asılı deyil, dəyişikliyin səbəbi daha çox geosiaysi vəziyyət olur:
“İsrail-İran münaqişəsinin bitməsi ilə gərginliyin azalması qiymətlərə kəskin təsir göstərdi və ciddi eniş müşahidə olunur. Hələlik ümumi sülh atmosferi var. Gələcəkdə gərginlik yenidən təkrar oluna bilər. İqtisadi parametrlərə qalsaq, qiymətlərin gələcəkdə daha da azalmasını görə bilərik, amma geosiyasi gərginlik işə qarışanda qiymətlərdə yüksəlişlər də müşahidə oluna bilər”.
Mütəxəssis qeyd edib ki, Azərbaycanı maraqlandıran əsas məsələ neft qiymətlərinin uzunmüddətli trendidir:
“İlin əvvəlindən götürsək, Azərbaycan neftinin ortalama qiyməti 70 ABŞ dollarından yuxarıdır. Hazırkı eniş trendi uzunmüddətli olsa, yəni ilin ikinci yarısında 60 ABŞ dolları qiymətini görsək, ilin sonunda həmin ortalama qiymət 70 ABŞ dollarından bir qədər aşağı düşə bilər. Bu da Azərbaycan üçün o qədər də yaxşı gedişat deyil çünki neftin qiyməti nə qədər yüksəkdirsə, dövlətin gəlirləri də bir o qədər çox olur. Neftin qiyməti 60 ABŞ dollarından da aşağı düşüb bir neçə ay o səviyyədə qalsa, o zaman təhlükəli vəziyyət yarana bilər. Belə olan halda, büdcə və Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirlərinə mənfi təsir göstərəcək, ölkəmizdə fəaliyyət göstərən yerli və xarici neft şirkətlərinin mənfəəti azaldıqca onların ödədikləri vergilər azalacaq. Bu baxımdan makroiqtisadi göstəricilərə mənfi təsir ola bilər”.
N.Cəfərli nəzərə çatdırıb ki, hazırkı vəziyyətdə büdcə parametrləri üçün hansısa təhlükə yoxdur.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
Firuzə Əliyeva
Sfera.az