Azərbaycan nefti bahalaşacaq? - AÇIQLAMA

ABŞ və Çin nümayəndə heyətləri bu gün Böyük Britaniyanın paytaxtında ticarət danışıqlarını davam etdirəcəklər.
Sfera.az xatırladır ki, müzakirələr iyunun 9-da altı saatdan çox olub və bu gün Bakı vaxtı ilə 13:00-da davam etdiriləcək.
ABŞ-nin maliyyə naziri Skott Bessent iyunun 9-da keçirilən görüşü “yaxşı” adlandırıb, ticarət naziri Hovard Lutnik isə müzakirələrin “məhsuldar” olduğunu bildirib.
Danışıqların nəticəsi neft və qaz qiymətlərində sabitləşmə və ya artıma səbəb ola bilərmi?
Sözügedən məsələ ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli Çin və ABŞ arasında razılaşma əldə olunarsa, bunun neftin dəyərinə müsbət təsir göstərə biləcəyini deyib.
İqtisadçı bildirib ki, neft qiymətlərinin enməsinin bir sıra səbəbləri mövcuddur:
“Onlardan biri də ondan ibarətdir ki, ticarət savaşları qlobal ticarətə mənfi təsir göstərərsə və beynəlxalq aləmdə zəif iqtisadi göstəricilər müşahidə olunarsa, bu vəziyyət neft bazarına da mənfi şəkildə yansıyacaq. Belə şəraitdə tələb azalır.
N.Cəfərli ticarət həcmi kiçildikcə istehsalın da gerilədiyini, istehsal və logistika azaldıqda isə neftə ehtiyacın da aşağı düşdüyünü qeyd edib:
“Əgər tərəflər razılığa gələrsə, bu, neft qiymətlərinə müsbət təsir göstərməklə yanaşı, ən azından onun sabitliyini təmin edə və kəskin ucuzlaşmasının qarşısını alan amil kimi çıxış edə bilər”.
Fidan Hacızadə
Sfera.az