Türkiyə və Pakistanla ticarət dövriyyəsi artacaq

"Laçın Hava Limanı yalnız strateji deyil, həmçinin iqtisadi baxımdan Şərqi Zəngəzurun inkişafı üçün yeni imkan deməkdir".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Laçına səfər edən Türkiyə və Pakistan liderləri bir daha hər zaman Azərbaycanın yanında olduğunu nümayiş etdirdilər:
"Ölkəmizin Türkiyə və Pakistanla daha da dərinləşən münasibətləri bir daha təsdiq edir ki, Azərbaycan xarici siyasətdə qardaşlıq və strateji əməkdaşlıq modelinə üstünlük verir. Bir-birinə yaxın dost və qardaş olan 3 dövlət beynəlxalq platformalarda və eləcə də ikitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı dəstək nümayiş etdirirlər".
Deputat nəzərə çatdırıb ki, ölkələr arasında ticarət dövriyyəsinin daha da artırılması əsas hədəflərdəndir:
"2024-cü ildə Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 6 milyard 130 milyon dollar olub. Bu rəqəm 2023-cü ildə 7 milyard 650 milyon dollar, 2022-ci ildə 5 milyard 842 milyon dollar və eləcə də 2021-ci ildə 4 milyard 661 milyon dollar olmuşdur. Göründüyü kimi, iki ölkə arasında ticarət dövriyyəsi kifayət qədər böyük rəqəmlə ifadə olunur. Hədəf isə Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır".
Onu da vurğulayıb ki, Azərbaycan ilə Pakistan arasındakı iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün ciddi potensial var. Bildirib ki, 2023-cü ildə Azərbaycan ilə Pakistan arasındakı ticarət dövriyyəsində əvvəlki ilə nisbətən cüzi dəyişiklik olsa da 2021-ci il ilə müqayisədə dövriyyə 2.3 dəfə artıb. 2021-ci ildə 11.7 milyon dollar olan ticarət dövriyyəmiz 2023-cü ildə il 27 milyon dollaradək yüksəlib. Pakistan ilə ticarət dövriyyəsinin 2 milyard dollaradək artırılması əsas hədəflərdəndir:
"Bu o deməkdir ki, Azərbaycan iki qardaş dövlət olan Türkiyə və Pakistan ilə ticarət dövriyyəsini yaxın illərdə 17 milyard dollaradək artırmağı hədəfləyir. Bu yeni strateji əməkdaşlıq strategiyasıdır".
Firuzə Əliyeva
Sfera.az